22 Sentyabr 2014 16:40
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 19-da Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev görüş barədə təəssüratlarını rəsmi Twitter səhifəsində bölüşüb.

Teleqraf.com-un məlumatına görə, İlham Əliyev qeyd edib ki, əsrlər boyu iki ölkə bir-birinin yanında olub: “Bu gün iki müstəqil dövlət kimi öz gələcəyimizi birgə qururuq. Türkiyə və Azərbaycanın enerji sahəsində əlaqələri nəinki iki ölkə, bölgə, dünya üçün də böyük önəm daşıyır. İyirmi sentyabr bizim üçün tarixi bir gündür. Çünki 20 il bundan öncə məhz sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır.

Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” layihələrinin uğurla icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni şərait yaradılacaq. Türkiyə dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə ədalətli mövqe nümayiş etdirmişdir – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir mövqe. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha da gözəl imkanlar yaranacaqdır. Əfsuslar olsun ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə vermir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur.

Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bu münaqişə məhz bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və var gücümüzlə çalışacağıq ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə beynəlxalq hüququn prinsipləri əsasında öz həllini tapsın”.

Ə.Davudoğlu da öz növbəsində Twitter-də fikirlərini paylaşıb: “Türkiyə hər zaman olduğu kimi bundan sonra da bütün məsələlərdə Azərbaycanın yanında olacaq. Dəyərli dostum cənab İlham Əliyevlə iki ölkə arasındakı dostluğumuz daha da dərinləşdirmək və inkişaf etdirmək barədə fikir mübadiləsi apardıq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər