Başqanlığa namizəd partiyanın iki yol astanasında olduğunu elan edib.
Müsavat Partiyasında başqanlığa namizəd, İsa Qəmbərin sabiq müşaviri Səxavət Əlisoy partiyanın ziyalı kəsimə müraciət edib.
Müraciətdə deyilir: “Üç gündən sonra qurultaydır. Azərbaycanın siyasi həyatında Müsavat yeni bir ilkə imzasını qoydu. Partiya alternativ əsaslarla seçkiyə gedir. Hər biriniz hansı namizədə səs verəcəyinizi yəqin ki, müəyyən edibsiniz. Bir daha götür-qoy etmənizə zaman var. Nədən ki, seçiminiz partiyanın formalaşmasında önəmli rol oynayacaq. Fikrimcə, diqqətlə təhlil etsəniz, partiyanın iki yolunun olduğu aydın görünər”.
Başqanlığa namizəd iki yolun nədən ibarət olduğunu da açıqlayıb.
Birinci yol: “Partiya dünyanın hər hansı bir ölkəsində baş verən inqilabdan bəhrələnərək icazəli, icazəsiz aksiyalara üstünlük verir, populist şüarlar səsləndirərək ictimai rəyə təsir etmək istəyir, gücünə adekvat olmayan tərzdə tələblər irəli sürür, partiyada avtoritarizm çiçəklənir və s.
İkinci yol: “Partiya təkamül yolunu tutaraq islahatlara gedir. Bütün məsələlərin hüquqi müstəvidə həlli üçün fəaliyyət göstərir. Hər türlü inqilabi çağırışlardan və populizmdən biryolluq imtina edir. Qərarlar yalnız bir-iki şəxsin iradəsindən asılı olmur. Partiya gücünə adekvat addımlar atır.
Səxavət Əlisoy daha sonra ziyalı kəsimə müraciətində vurğulayır ki, şəxsən özü ikinci yolu məqbul sayır: “Nədən ki, mübarizəni yalnız bu yolla davam edəcəyi halda uğur gətirəcəyinə inanıram”.
Cavidan