20 Oktyabr 2014 20:06
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliməmməd Nuriyev: “Qanunların hazırlanmasında vətəndaş cəmiyyətinin potensialından istifadə etmək vacibdir”

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Milli Məclis arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu əməkdaşlığın gələcək perspektivlərinin nədən ibarət olacağı ictimaiyyətin maraq dairəsindədir.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, hər iki qurum arasında imzalanan bu memorandum çox əhəmiyyətli məsələdir.
Onun sözlərinə görə, xüsusilə hakimiyyətin qollarından biri olan qanunverici orqanla memorandum imzalanması vətəndaş cəmiyyətinə verilən önəmli qiymətlərdən biridir:

“Memorandum hər şeydən əvvəl “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu və “İctimai iştirakçılıq haqqında” Qanundan irəli gələn müddəaların daha dəqiq icrasını təmin etmək üçün hazırlanan bir sənəd idi.

Eyni zamanda bu sənəd vətəndaş cəmiyyəti qurumları ilə parlament arasında əməkdaşlığın institutsionalaşmasını təmin edən mühüm bir aktdır. Artıq qeyri-hökumət təşkilatları ilə parlament arasında əlaqələrdə yeni bir münasibətlər sistemi yaranacaq. Memorandumda həm də parlamentin fəaliyyətini daha yaxşı, dəqiq və operativ cəmiyyətə çatdırılmasında qeyri-hökumət təşkilatları bir vasitəçi rolunu oynayacaqlar.

Çünki parlament çoxsaylı qanunlar qəbul edir və bu qanunlar haqqında ətraflı məlumatların cəmiyyətə çatdırılması vacibdir. Təəssüflər olsun ki, bəzi hallarda parlamentin qəbul etdiyi qanunlar hərtərəfli cəmiyyətə çatdırıla bilmir, ictimai məlumatlandırma yetərincə olmur. Bu baxımdan imzalanan sənəd həmin qanunlar haqqında cəmiyyətin məlumatlandırılması, onlar haqqında ətraflı məlumatın verilməsini vətəndaş cəmiyyəti tərəfindən həyata keçiriləcək. Bu memorandumda yer alan mühüm bəndlərdən biridir”.

Ə.Nuriyev qeyd edib ki, qanunların hazırlanması prosesində vətəndaş cəmiyyəti ekspertlərinin iştirakı mühüm rol oynayacaq: “Çünki “İctimai iştirakçılıq haqqında” Qanuna görə parlamentdə hazırlanan qanunlarla bağlı vətəndaş cəmiyyəti ilə ətraflı dialoq platformasının qurulması göstərilib. Qanunların hazırlanma prosesində vətəndaş cəmiyyətinin potensialından istifadə etmək çox vacib məsələdir. Xüsusilə, qeyri-hökumət təşkilatlarında isqtisadi-sosial, ədalət mühakiməsi, korrupsiya ilə mübarizə və digər sahələrdə çox yaxşı mütəxəssislər yetişib. Bu peşəkarları qanunvericilik yaradıcılığı prosesinə cəlb edilməsi diqqətçəkən məqamlardandır. Bu memorandumda da nəzərdə tutulub ki, qanunların hazırlanması prosesində vətəndaş cəmiyyətindəki ekspertlərdən istifadə edilsin”.

Fond rəhbəri bildirib ki, qanunların müzakirəsində ictimai dinləmənin aparılması çox vacib məsələdir: “Ona görə ki, burada maraqlı tərəflərin iştirakı təmin olunacaq. Bu baxımdan vətəndaş cəmiyyəti ilə parlament arasında əlaqələrin daha da gücləndirilməsi həmin memorandumda öz əksini tapıb. Bu, bütövlükdə parlamentin də fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Həm də birbaşa dövlət orqanlarının fəaliyyətində vətəndaş iştirakçılığının təmin edilməsinə yönələn vasitələrdən, o cümlədən demokratiyanın formalarından biridir. Xüsusilə, hazırki şəraitdə dünyada daha çox məhz bu tipli formalara üstünlük verilir. 2009-cu ildə Konstitusiyaya əlavə və dəyişikliklər oldu və vətəndaşlara o səlahiyyət verildi ki, onlar birbaşa qanunvericilik təşəbbüsünə malik oldular. Bu memorandumda həmin normanın reallaşdırılması istiqamətində atılan addımlardan biridir. Memorandum vasitəsilə vətəndaş cəmiyyəti ilə parlament arasında olan əlaqələrə yeni bir konturlar əlavə olunur. Hesab edirəm ki, bu da qarşıya qoyulan məsələlərin həllinə nail olunması istiqamətində mühüm rol oynayacaq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər