Yanvarın 4-də, saat 13 radələrində Şirvan şəhər sakini 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Şirvan şəhər Prokurorluğundan bildirilib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.