6 Noyabr 2014 10:55
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: “Obamanın impeçment məsələsi gündəmə gələ bilər”

ABŞ-da keçirilən ara seçkilərin ilkin nəticələrinə əsasən respublikaçılar Senatda çoxluq əldə ediblər. İlkin nəticələrə əsasən respublikaçılar Senatda 100 yerdən 55-ni tuta bilər. Ötən tərkibdə onlar 45 yerə sahib idi. Respublikaçılar Qərbi Virciniya, Cənubi Dakota, Montana, Arkanzas, Kolorado, Ayova, Şimali Karolina kimi ştatların təmsilçilik hüququnu demokratların əlindən alıblar. Nebraska ştatından isə Senata respublikaçı Ben Sasse, Nümayəndələr Palatasına isə Ceff Fortunberri seçilib. Artıq demokratların Senatdakı lideri Harri Rid respublikaçıların lideri Mitç Makkonnelli təbrik edib.

Qeyd edək ki, respublikaçılar son 8 ildə ilk dəfə Konqresin hər iki palatasında çoxluğa nail olublar. Bu isə Barak Obamanın prezidentlik müddətinin qalan hissəsində həm daxili, həm də xarici siyasətdə çətinlik və maneələrlə üzləşəcəyini göstərir. Respublikaçıların xarici siyasətdə xüsusən Rusiyaya qarşı sərt mövqe tutması məlumdur. Rusiyaya qarşı sərt xəttin tərəfdarları arasında respublikaçı senator Con Makkeynin adını çəkmək kifayətdir. Onu da bildirək ki, ara seçkilər iki ildən bir keçirilir və bunun nəticəsində Nümayəndələr Palatası (435 yer) yenidən formalaşır, Senatın (100 yer) isə üçdə biri yenilənir. Seçkilərin nəticələri rəsmən dekabr ayında təsdiqlənəcək.

Bəs, seçkinin nəticələri ABŞ-a, Cənubi Qafqazın gələcək taleyinə, o cümlədən Azərbaycana nə cür təsir edəcək?

Bu istiqamətdə suallarımızı cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, seçkinin nəticələri, respublikaçıların qələbə çalması situasiyaya təsir edəcək. Onun sözlərinə görə, Barak Obama çox da aktiv bir şəxs deyildi: “Hətta, mən deyərdim ki, kifayət qədər passiv idi. Proseslərə o qədər müdaxilə edə bilmirdi. Bundan sonra onun proseslərə müdaxiləsi minimuma enəcək. Hətta, mən belə bir proqnoz verə bilərəm ki, günlərin bir günündə Obamanın impeçment məsələsi gündəliyə gətirilə bilər. Yəni, respublikaçılar daim o qədər sərt bir mövqe nümayiş etdirirlər ki, bunu gözləmək mümkündür”.

Müsahibimiz deyib ki, respublikaçıların qələbəsi dünyada qarşıdurmanın güclənəcəyinə səbəb olacaq: “Bundan sonra Rusiyanın nazı ilə oynamaq kimi şakərdən əl çəkiləcək. Rusiyaya qarşı daha sərt tədbirlər görüləcək. Hətta, bu sərt tədbirlər lokal hərbi təsirləri də özündə ehtiva edə bilər. Onsuz da bu barədə Fransa prezidenti Fransua Olland, ABŞ-ın müdafiə naziri, Polşa, Litva rəsmiləri də danışırlar. Bir sözlə, Rusiyaya qarşı hansısa addımların atılmasının zəruriliyi və bu addımlar hesabına Moskvanı durdurmaq zərurəti tez-tez müxtəlif dillərdən təkrar edilir. Zənnimcə, respublikaçıların Konqresin hər iki palatasında üstünlük qazanması indiyə qədər gedən proseslərin meylini dəyişəcək. ABŞ sərt xarici siyasət xəttini əsas götürəcək, Rusiyaya qarşı daha təsirli tədbirlərə əl atılmasını tələb edəcək və həyata keçirməyə çalışacaq. İndiyədək çalxalanan dünyada gərginlik artsa da, gərginlik üzərindən sabitləşmə prosesinin getməsinə nail oluna bilər. Yəni, respublikaçılar bu istiqamətdə müəyyən nailiyyətlər əldə edə bilərlər. Bundan sonra dünya yenidən sərbəst inkişaf yoluna qədəm qoya, dünyada sabitlik hökm sürə və iqtisadi böhranın qarşısını almaq mümkün olar. Hətta iqtisadi dirçəliş dövrü başlaya bilər”.

Azərbaycanla bağlı rəsmi Vaşinqtonun siyasətinin nədən ibarət olacağına gəldikdə isə, Q.Hüseynli bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, respublikaçıların da bu xətti dəstəklədiklərini vurğulayıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər