Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı Qubad İbadoğlunun rəhbərliyi ilə MNTK-nən rəyinin müzakirə olunacağı görüşə qatılmayacaq.
Bu barədə Publika.az-a T. Abbaslının özü məlumat verib.
O, qurultaydan sonra nəticələri tanıdığını açıqladığı üçün bu görüşdə iştirakı düzgün hesab etmir: “Biz seçkidə pozuntuların olmadığını açıqlamışıq və nəticələri tanımışıq. Buna görə də bugünkü görüşdə iştirak etməyimiz doğru deyil. Amma bu addımımız yalnız qurultaydan sonra verdiyimiz açıqlamadan irəli gəlir. Yəni partiyadan hər şeyin yolunda olduğunu qəbul etmirik”.
Qeyd edək ki, Müsavat Partiyasının MNTK başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun seçkinin nəticələri ilə bağlı arayışına mənfi rəy verib. Seçkidən narazılar buna etiraz olaraq bu gün partiya qərargahında saat 17:00-da görüş keçirmək niyyətindədir.
MNTK-nın keçmiş sədri, Qubad İbadoğlu tərəfdarı olan Əlövsət Talışxanlı Publika.az-a açıqlamasında görüşdən sonra nəticənin olacağını gözlədiklərini deyib.
“Bu nəticə mənfi, yaxud müsbət ola bilər. Amma biz nələrinsə olacağını gözləyirik. MNTK-nın pozuntularla bağlı arayışa verdiyi rəy “xala xətrin qalmasın” tipli cavab idi. Biz də toplaşıb bu məsələlərə yenidən baxılmasına nail olmaq niyyətindəyik. Nə baş verəcəyinə hər kəs şahid olacaq”, - deyə o bildirib.
Ə. Talışxanlı seçkinin nəticələrindən narazı qalanların partiyanın əksəriyyəti olduğunu bildirib: “Keçmiş Divanın 80 faizi bu gün yeni rəhbərlikdən narazıdır. Nəticələrdən narazı olanlar 25 ildir partiya üçün can qoyublar. Bizim davamız müstəqil, demokratik Azərbaycandır, hansısa vəzifə əldə etmək yox”.