9 Dekabr 2021 09:45

Ağdaş rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Şəhər ərazisində hərəkətdə olan “VAZ-21011” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Sürücü Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən E.Məmmədovun marixuanadan istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, noyabr-dekabr ayları ərzində Ağdaş rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən ümumilikdə 19 sürücü aşkarlanıb.


Müəllif: Hacı Zeynalov