Bakı polisi bir neçə oğurluq faktının açılması barədə əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə mayın 7-ndə Badamdar qəsəbəsindən F.Abdullayevaya məxsus 4500 manat dəyərində “Yamaha” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şəmilov və Şərur rayon sakini Emil Babayev müəyyən edilərək saxlanılıblar.
Bundan başqa, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə mayın 7-nə keçən gecə Lökbatan qəsəbəsindəki həyətlərin birindən 500 manat dəyərində samovarın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Orxan Tağıyev və Elxan Qasımov saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların mayın 8-nə keçən gecə qəsəbədəki digər bir evin zirzəmisindən 955 manat dəyərində təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunub.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə mayın 8-də Gəncə prospektindəki binalardan birinin liftindən 1600 manat dəyərində 16 ədəd mühərrik dayağının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov müəyyən edilərək saxlanılıb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60.000 manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb.
Bütün faktla əlaqədar cinayət işi başlanıb.