11 Oktyabr 2022 11:07
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə İmişli rayon sakini rayon polis şöbəsinə müraciət edərək fərqli vaxtlarda internet resurslarında fəaliyyətdə olan platformaların birinə iki qat qazanc əldə etmək üçün müxtəlif miqdarlarda pul yüklədiklərini, lakin sonradan dələduzluq sxeminin toruna düşərək aldandıqlarını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciətlərlə bağlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən iki nəfər şəxs, rayonun Xəlfəli kənd sakinləri Vüqar Qafarov və onun əmisi oğlu Bahadur Qafarov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə yaradılmış maliyyə piramidasına qısa müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər.

Onlara müraciət edən şəxsləri isə guya bu platformaya investisiya qoyduqları zaman yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar.

Piramidaya qoşulan şəxslərə əvvəlcədən ikiqat gəlir, eləcə də platformaya cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər vəd olunub.

Faktla bağlı İmişli rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Vüqar və Bahadur Qafarovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin "102" xidmətinə, həmçinin İmişli rayon polis şöbəsinə müraciət etmələri xahiş olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər