18 Dekabr 2014 11:07
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi mitinqdə iştirakçıların sayının azlığı siyasi düşərgədə gərgin müzakirə edilir. Mitinq iştirakçılarının sayının az olmasını tənqid edənlər sırasında başda bir vaxtlar Müsavatın müttəfiqi olan AXCP dayanır. Onlar iştirakçıların sayının azlığını Müsavatın sosial bazasının zəifləməsi ilə əlaqələndirilər.

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev də sərt mövqe nümayiş etdirib. Onun sözlərinə görə, son mitinq göstərdi ki, artıq Müsavat Partiyası yoxdur: "Qurultaya topladıqlarından 2 dəfə az adamı, yarım ay bundan əvvəl elan etdikləri mitinqə toplaya bilən partiyanın iddiası nə ola bilər? İsa Qəmbər hələ də "bəlkə də qaytardılar" xülyası ilə yaşayır. İnsanlar artıq onların müxalifətçilik imitasiyalarına məhəl qoymur. Gənc yaşlarından yalan pafoslu şüarlarla, demoqoq çıxışları ilə diqqəti cəlb etməyə öyrənənlərin artıq 50-70 yaşlarında dəyişmək şansları yoxdur. Müxalifətin yenidən yarana bilməsi üçün isə 90-cı illərdən müxalifətdə olanların hamısı bir nəfər kimi istefa verib getməlidirlər".

"Partiya üzvlərini də mitinqə çıxara bilməyiblər"

Uzun illər müxalifətin mitinqlərinin təşkilatçısı olan Asəf Quliyev söyləyib ki, kütləvi tədbirdə iştirakçıların sayı siyasi qüvvəyə olan dəstəyi göstərir.

Onun sözlərinə görə, partiyanın mitinq keçirməsi təşkilatın gücünün göstəricilərindən biridir: "Bütün dünyada belədir ki, partiyalar mitinq keçirməklə öz gücünü ortaya qoymağa və xalqın daha geniş kütləsini əhatə etməyə çalışır. Bununla həm cəmiyyətə təsir etmək, həm də öz gücünün digər siyasi qüvvələrə nisbətini göstərmək istəyirlər. Aparıcı müxalifət partiyası olan Müsavatın keçirdiyi mitinqə insanların az sayda gəlməsi onu da göstərdi ki, partiya üzvlərinin özünü də mitinqə çıxara bilməyiblər".

"Mitinq iştirakçılarının sayı çox önəmlidir"

A.Quliyev deyib ki, Azərbaycan cəmiyyətində siyasi aktivlik yoxdur, baş verən proseslərə biganəlik var: "İnsanlar siyasi partiyaya yaxın gəlmir, ona dəstək vermirlər. Real vəziyyət budur. Mənə elə gəlir ki, Müsavat Partiyası bunu nəzərə almalıydı. İndiki vəziyyətdə nəinki Müsavat, digər partiyalar da sıravi üzvlərindən başqa, cəmiyyətin ayrı-ayrı təbəqələrinin mitinqə kütləvi şəkildə gəlməsini gözləyə bilməz. Kənardan geniş kütlənin ona dəstək olmayacağını nəzərə alıb partiya üzvləri arasında işləməli idilər. Bundan başqa bölgələrdəki partiya üzvlərini də dəvət edib mitinq iştirakçılarının sayını artıra bilərdilər. Bu gün ölkədə hər hansı partiyanın keçirdiyi tədbir bilavasitə onun siyasi gücünün göstərilməsinə yönəlib. Say çox önəmlidir.

Türkiyədə prezident seçkiləri öncəsi AKP İstanbulda 1 milyon adam yığdı. Bu, tək AKP üzvləri deyildi, millət Ərdoğana arxa durdu. Bu, seçkinin də nəticəsinə təsir elədi. Bu gün biz qəbul etsək də, etməsək də, mitinqdə insanların sayı azdır. Bu, həm də siyasi partiyanın seçkiöncəsi göstəricisidir. Düzdür, bələdiyyə seçkiləri ilə bağlı siyasi aktivlik yoxdur, bununla belə, Müsavatın keçirdiyi mitinq bələdiyyə seçkisi öncəsi idi. Bu, o deməkdir ki, mitinq insan haqları ilə əlaqədar deyil, seçki ilə bağlı keçirilsəydi, eyni sayda adam gələrdi. Demək, partiyanın seçkidə iştirak etmək gücü yoxdur".

"Aksiyalar mübarizə alətindən kənara çıxaraq mövcudluq simvoluna çevrilir"

AMİP funksioneri Əli Orucov deyib ki, Milli Şuranın və Müsavat Partiyasının keçirdikləri mitinqlərin mənalarını başa düşməyib: "50-100 veteran partiya üzvlərini böyük meydana toplamaqla özünü kiçik halda göstərmək nəyə lazımdır. Əksinə, bu hal iqtidara yaaryır və beynəlxalq aləmə göstərsin ki, baxın, müxalifətin sosial bazası yoxdur. Biz vətəndaşların hüquqlarını, o cümlədən sərbəst toplaşmaq haqqını tanıyırıq. Mitinq mübarizə vasitələrindən biridir. Sosial sifariş olanda, yaxud imkanlar tükənəndə mitinqə əl atılır. Hər hansı bir mübahisəli məsələlər varsa, bunun dialoq şəklində, masa ətrafında müzakirəsi mümkün olmayanda sonuncu variant kimi mitinq taktikası seçilir. Əslində, mitinq güc nümayişi deyil, təsir vasitəsidir. Bizdə isə partiyalar mitinqi ona görə keçirirlər ki, görsünlər bu partiya mövcuddur. Kütləvi aksiyalar mübarizə alətindən kənara çıxaraq mövcudluq simvoluna çevrilir. Ona görə də mitinqlər süni keçəndə partiyanın imicinə ziyandır. Belə sönük və qeyri-kütləvi aksiyaların keçirilməsi cəmiyyətə mənfi impuls verir. Onsuz da siyasətlə maraqlanmayan insanlar bu görüntünü görəndən sonra tamam uzaqlaşırlar. Mən deyərdim, kütləvi aksiya takitasında iqtidar daha çox devindent götürür və Milli Şura və Müsavatın özünü ifşasına imkan yaradır. İqtidar düşərgəsi də özünün haqlı olduğunu müxalifətin heç bir sosial bazası olmadığını əyani şəkildə sübut edir. Ona görə də belə mitinqləri keçirməkdənsə keçirməmək daha müvafiqdir".

Onun fikrincə, mitinqdə ilk növbədə əhali ilə işləmək, onların istək və mesajlarını daha ucadan səsləndirmək, onun problemlərini qabartmaq lazımdır ki, insanlar həmin mitinqdə maraqlı olsun: "Mitinqlərin keçmiş mübarizə vasitəsi sayıram. Küçələrdən yığışıb mübarizənin dəyirmi masalar arxasında, parlamentdə keçirilməsinin tərəfdarıyam. Söhbət ondan gedir ki, sosial bazanı öz mübarizə metodlarına sərf edə bilirmi? Müsavat deyə bilər ki, onun sıraları genişdir. Fakt ondadır ki, meydana çıxardığı adamlar onun tam əksini söyləyir. Şüarlar köhnədir, söz deyən insanlar eyni simalardır. Lideri alqışlamaq kimi ənənəvi üsullar heç nə vermir".

"AMİP mitinq keçirsə, nə qədər üzv çıxara bilər" sualına Ə.Orucov belə cavab verdi: "Azərbaycan siyasətində mitinqlər mübarizə alətindən çıxıb mövcudluq alətinə çevrilib. Mitinq keçirmək üçün sosial sifariş olarsa, düşünürəm ki, bunun kütləviliyini əldə etmək mümkündür. Amma öncədən gərək əhali ilə işləyəsən. Aylarla hazırlaşmağa vaxt sərf etmək lazımdır".

"Mitinqimiz öz məqsədinə çatmış oldu"

Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın mitinqinə olan fikirlərə belə reaksiya verib: "Əgər başqa partiyaların təklikdə bundan yaxşı mitinq keçirmək təcrübələri varsa və bizə göstərə bilərlərsə, onda biz aparılan müqayisənin nə dərəcədə doğru olduğunu söyləyə bilərik. Kimin nə deməsindən asılı olmayaraq, mitinqimiz öz məqsədinə çatmış oldu".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər