Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin sabiq polis işçisi Əliş Məmmədzadə ona qarşı edilən qanunsuzluqdan şikayətçidir.
Teleqraf.com-un xəbərinə görə, Əliş Məmmədzadə qarşılaşdığı qanunsuzuluqla bağlı Prezident İlham Əliyevə, Birinci Vitse-prezidenti Mehriban Əliyevaya və digər rəsmi şəxslərə müraciət edib.
Əliş Məmmədzadə bildirib ki, 15 dekabr 2019-cu ildə saat 08.00-da Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinin tutucu qrupunda polis serjantı kimi xidmət aparan zaman idarə etdiyi “Volksvagen Polo” markalı 10 PR 472 dövlət nömrə nişanlı avtomobil Biləcəri qəsəbəsi, 1 May yaşayış massivi ilə hərəkət edərkən sol tərəfdən hərəkətdə olan “Hyndai” markalı 90 UV 906 dövlət nömrə nişanlı avtomobillə toqquşub:
“Himayəmdə iki yaşlı valideynim, heç bir yerdə işləməyən həyat yoldaşım və iki körpə övladım olmasına, həmçinin yol-nəqliyyat hadisəsinin qəsdən deyil, ehtiyatsızlıqdan baş verməsinə baxmayaraq Baş Mühafizə İdarəsinin rəhbərliyi məni bu hadisəyə görə tutduğum vəzifədən azad elədi. Baş Mühafizə İdarəsi həmçinin dəymiş zərərin ödənilməsi tələbi barədə mənə qarşı iddia ərizəsi ilə qeydiyyatda olduğum yer üzrə İmişli rayon Məhkəməsinə müraciət etdi.
Yol-nəqliyyat hadisəsində xidməti avtomobilin zədələnməsi nəticəsində guya idarəyə 18540 manat məbləğində maddi ziyan dəydiyi bildirildi, məndən 18.540,0 manat və 30 manat dövlət rüsumu tutularaq idarənin hesabına ödənilməsi haqqında qətnamə çıxarılması xahiş edildi”.
Şikayətçinin sözlərinə görə, İmişli rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Baş Mühafizə İdarəsinin ona qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi təmin edilib: “Məndən 13708 manat və dövlət rüsumuna görə 30 manatın tutularaq iddiaçı Baş Mühafizə İdarəsinin hesabına keçirilməsi qət edildi.
İmişli rayon Məhkəməsinin qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verdim. İşə Şirvan Apellyasiya Məhkəməsində baxıldığı müddət ərzində “Volksvagen Polo” markalı avtomobil öz vəsaitim hesabına tam şəkildə təmir olunaraq saz və işlək vəziyyətə gətirildi. Mən bu barədə Şirvan Apellyasiya Məhkəməsində işə baxan hakimlərə, Baş Mühafizə İdarəsinin və Binaqədi rayon Mühafizə İdarəsinin rəhbərliyinə bildirdim, avtomobili öz vəsaitim hesabına təmir etdirdiyimə görə iddia tələbindən imtina olunmasını xahiş etdim.
Lakin heç kim mənim dəymiş zərəri aradan tam şəkildə qaldırdığıma, yəni “Volksvagen Polo” markalı avtomobili öz vəsaitim hesabına tam şəkildə təmir etdirərək saz və işlək vəziyyətə gətirdiyimə əhəmiyyət vermədi. Nəticədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2021-ci il tarixli qətnaməsi ilə İmişli rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldı. Bundan sonra mən haqq işimə ədalətli baxılacağı ümidi ilə Ali Məhkəməyə kassasiya şikayəti verdim, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanunsuz və əsassız qətnaməsinin, Baş Mühafizə İdarəsinin əsassız iddia tələbinin ləğv olunmasını xahiş elədim”.
Əliş Məmmədzadə qeyd edib ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə mahiyyəti üzrə baxılmazdan öncə onun vəkili tərəfindən Baş Mühafizə İdarəsinə məktubla müraciət edilib:
“Binəqədi Rayon Mühafizə İdarəsinin xidməti istifadəsində olan “Volksvagen Polo” markalı avtomobilin öz vəsaitim hesabına təmir edilərək tam şəkildə saz vəziyyətə gətirildiyi bildirildi, avtomobilin məndən təhvil alınması, həmçinin qeyd edilən avtomobilə dəymiş zərər aradan qaldırdığından, yəni dəymiş zərər artıq mövcud olmadığından Baş Mühafizə İdarəsinin mənə qarşı tələbi barədə iddia ərizəsindən imtina edilərək mülki işin məhkəmə mübahisəsinə son qoyulması xahiş edildi.
Baş Mühafizə İdarəsinə ünvanlanmış məktubdan sonra Binəqədi rayon Mühafizə İdarəsinin tağım komandiri, polis kapitanı Musayev Rəvan Əlipənah oğlu və təsərrüfat müdiri Məmmədəliyev Rəşad Nəriman oğlu mənə zəng etdi. Baş Mühafizə İdarəsinin rəisi, polis-general mayoru Nurullah Məmmədxanlının “Volksvagen Polo” markalı avtomobilin məndən təhvil alınaraq Binəqədi rayon Mühafizə İdarəsinə aparılması göstərişini verdiyini, bu səbəbdən avtomaşını aparacaqlarını bildirdilər.
Göstərilən şəxslər həmin günü mənim və vəkilimin iştirakı ilə avtomobilə baxış keçirərək avtomobilin saz vəziyyətdə olduğuna əmin oldular. Hər iki əməkdaşın görülmüş təmir işləri ilə bağlı heç bir etirazları olmadığına görə avtomobil bütün tərəflərin iştirakı ilə təhvil-təslim aktı tərtib edilərək Binəqədi rayon Mühafizə İdarəsinin tağım komandiri, polis kapitanı Musayev Rəvan Əlipənah oğluna və təsərrüfat müdiri Məmmədəliyev Rəşad Nəriman oğluna təhvil verildi”.
Şikayətçinin sözlərinə görə, “Volksvagen Polo” markalı avtomobili onun öz vəsaiti hesabına tam şəkildə təmir etdirib, işlək və saz vəziyyətdə Binəqədi tayon Mühafizə İdarəsinə təhvil verib: “Buna baxmayaraq Baş Mühafizə İdarəsi müraciətə ümumiyyətlə münasibət bildirilmədi. Ali Məhkəmənin Mülki Kollegiyası Baş Mühafizə İdarəsinin iddia tələbindən imtina etmədiyini əsas tutdu, 15 mart 2022-ci il tarixli qərarı ilə İmişli rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxladılar.
Nəticədə mən 10000 manatdan artıq şəxsi vəsaitimi sərf edərək avtomaşına dəymiş ziyanı tam şəkildə aradan qaldırdığım halda, tam əsassız olaraq guya avtomobilə vurduğum ziyan olaraq 13708 manat məbləğində pulu ödəməyə məhkum olundum. Yəni avtomaşına dəymiş zərəri öz vəsaitim hesabına tam şəkildə aradan qaldırdığım halda həmin zərər faktiki olaraq məndən ikinci dəfə tutuldu.
İmişli rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilib. İcra məmuru Aqil Əfəndiyev tərəfindən icraata başlamaq haqqında 17 may 2022-ci il tarixli qərar qəbul edildi. Mən başıma gətirilən qanunsuzluq barədə icra məmuru Aqil Əfəndiyevə hətta yazılı şəkildə bildirmişəm və dediklərimin doğru olduğunu təsdiq edən faktlarıda təqdim etmişəm. Lakin Aqil Əfəndiyev dediklərimə əhəmiyyət verməyib, 13708 manat məbləğində pulu ödəməyimi tələb edir. Əks halda cinayət məsuliyyətinə cəlb edilərək həbs olunacağım ilə hədələyir”.
Əliş Məmmədzadə qeyd edib ki, 29 iyun 2022-ci ildə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova və Baş Mühafizə İdarəsinin rəisi, polis-general mayoru Nurullah Məmmədxanlıya müraciət edib: “Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinin xidməti istifadəsində olan “Volksvagen Polo” markalı avtomobilin tərəfimdən öz vəsaitim hesabına təmir edilərək tam şəkildə işlək və saz vəziyyətə gətirildiyinə görə İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aqil Əfəndiyevin icraatında olan, məndən 13708 manat pul vəsaitinin tutulması barədə tələbdən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin imtina etməsini və icra vərəqəsi üzrə icra icraatına xitam verilməsini xahiş elədim.
Təəssüflər olsun ki, Daxili İşlər Nazirliyi tərəfindən 29 iyun 2022-ci il tarixli müraciətimə ümumiyyətlə cavab verilmədi, Baş Mühafizə İdarəsi isə iyulun 30-da cavab məktubu ilə icra sənədi tam icra olunduqdan sonra icra sənədi üzrə icraata xitam verilə biləcəyini dedi”.
Şikayətçi qeyd edib ki, Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Ali Məhkəməsinin Plenumunada müraciət edib.
Qeyd edib ki, həmin müraciətiinə bu günə qədər heç bir cavab verilməyib.