Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Elmir Salmanov və Kamran Dadaşzadə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, Elmir Salmanovun üzərindən və Kamran Dadaşzadəyə məxsus avtomobildən 12 kiloqram narkotik, o cümlədən 5 kiloqram psixotrop maddə metamfetamin, 5 kiloqram tiryək, 2 kiloqrama yaxın həşiş qətranı, heroin, marixuana və 400 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində saxlanılan rayon sakini Elgün Həsənovdan isə 1 ədəd “PA-63” markalı tapança, həmin silaha aid sandıqça, 6 ədəd patron və 1 ədəd gecəgörmə cihazı aşkarlanaraq götürülüb.
Qeyd edək ki, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.