5 Yanvar 2015 15:23
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADR rayonlarda Müsavata göz dağı verir

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı yeni ilə rayonlarda fəaliyyətini genişləndirməklə başlayıb. Salyan müsavatçıları ADR-in təşəbbüs qrupunu yaradıb.

Qubad İbadoğlu, Ellada Məmmədli, Hüseyn Məlik, eləcə də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) “Demokratik Birlik” fraksiyasının rəhbərliyində təmsil olunanların iştirakı ilə keçirilən görüş partiyanın rayon şöbəsinin qərargahında baş tutub.

Q.İbadoğlu bildirib ki, 1-2 ay ərzində ADR-in təsis yığıncağı keçiriləcək: “Azərbaycan Demokratiya və Rifah hərəkatının rayonda fəaliyyət göstərəcək ilk təşəbbüs qrupu Salyanda təsis olundu. İlk təşəbbüs Salyandakı fəallar tərəfindən olduğuna görə ilk toplantısını da orada keçirdik. Bu məqsədlə rayona Təşkilat Komitəsinin üzvü olaraq Ellada Məmmədli və mən ezam olunmuşdum, yerli fəallar tərəfindən təşkil olunan və saatlarla davam edən müzakirələrimiz səmimi və faydalı keçdi. Fəaliyyətimiz davam edir, yaxın dövr üçün hədəfimiz ölkənin ən azı üçdə birini əhatə edəcək rayonlarda təşəbbüs qrupu yaratmaq və 1-2 ay ərzində ADR-in təsis yığıncağını təşkil etməkdir. Təsis yığıncağını yanvar və fevral aylarının birində planlaşdırırıq”.

“Hərəkatın partiyaya çevrilməsi gözlənilmir”

O əlavə edib ki, hərəkatın üzvlərinin sayı gündən-günə dəyişilir: “Çünki hər gün müraciətlər var. Hərəkat ictimai hərəkatdır, yaxın zamanlarda onun siyasi partiyaya çevrilməsi gözlənilmir”.

“Öz aləmlərində böyük siyasətlə məşğul olublar”

Qubad İbadoğlu bundan başqa 2015-ci ildə siyasi fəaliyyətləri ilə bağlı fikirlərini dilə gətirib: “Bir çox insanlar səmimiliyin gücündən və təsirindən bixəbərdir. Çünki ömrü boyu qəlbində hiss etdiklərini qarşısındakı insana olduğu kimi ifadə etməyərək, öz aləmlərində böyük siyasətlə məşğul olublar. Süni səmimiyyətləri ilə ən yaxınları qarşısında belə özlərini olduğundan fərqli göstərərək şəxsiyyətlərini gizlətməklə başqa cür tanıtmaq istəyiblər. Bəzən də buna nail olublar, amma bu çox uzun çəkməyib və çəkə də bilməzdi. 2014-cü il nə qədər ağrılı olsa da, mənə məhz belələrini aydınlaşdırmaq şansını verdi və mən də öz növbəmdə onları cəmiyyətə tanıtmaq imkanına malik oldum. 2015-ci ilə qəlbən səmimi, hər zaman dürüst, bütün davranışları və əməlləri ilə təbii olan dostlarla yola çıxırıq. Bir məqsədimiz də səmimiliyin gücünü və vacibliyini göstərməkdir. İkinci əsas məqsədimiz Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını əxlaq və mənəviyyat, səmimiyyət və dürüstlük təcəssümünə çevirməkdir”.

“Bakı meriyası Əmircanı təklif etsə, razılaşacağıq”

Təşkilat komitəsinin üzvü Hüseyn Məlik bildirib ki, təşkilat komitəsində əsasnaməyə uyğun olaraq Azərbaycanın rayonlarında təşəbbüs qruplarını yaratmaq qərara alınıb. Onun sözlərinə görə, yanvarın sonu fevralın əvvəlinədək ADR-in təsis yığıncağı keçiriləcək: “Təsis yığınacağını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib yer istəyəcəyik. Lap Əmircanı təklif etsələr də, təsis yığıncağını keçirəcəyik”.

“50 rayonda təşəbbüs qrupu fəaliyyətə başlayacaq”

H.Məlik qeyd edib ki, bu həftə Bakının Sabunçu rayonunda hərəkatın təşəbbüs qrupu yaradılacaq: “Salyan rayonundakı nümayəndələrimizlə danışdıq, məhz o rayon hazır olduğu üçün ilk təşəbbüs qrupunu bu rayonda yaratdıq. Hesab edirik ki, yanvar ayında minimum 50 rayonda təşəbbüs qrupu fəaliyyətə başlayacaq. İşimizi həddən artıq sürətləndirməyi məqsəd qoymuşuq”.

Onun fikrincə, hərəkatın partiyaya çevrilib-çevrilməyəcəyini zaman göstərəcək. Parlament seçkilərində iştiraka gəlincə, H.Məlik söyləyib ki, o zamana qədər ADR təsis olunacaq, rəsmi qurumlarda müzakirədən sonra bu barədə qərar veriləcək.

Qeyd edək ki 2014-cü ilin dekabrın 3-də Azərbaycan Demokratiya və Rifah hərəkatının yaradılması haqda bəyannamə imzalanıb. Hərəkatın təşkilat komitəsinin sədri postunu Qubad İbadoğlu tutur. Vurğun Əyyub, Səxavət Əlisoy, Ədalət Yusubov sədr müavinləridir. Arifə Hüseynliyə təşkilat komitəsinin katibi postu həvalə edilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər