25 İyul 2023 08:53
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Surra kənd sakini, əvvəllər məhkum olunmuş Ehtiram Ələkbərov saxlanılıb.

Onun üzərində keçirilən baxış zamanı narkotik maddə olan heroin və metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirləri davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana, eləcə də atasına məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Vamiq Vəliyev də saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Bundan əlavə rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məmişlər kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən 4 nəfər də saxlanılıb.

Araşdırmalarla onların həmin kənd sakini Şəfahət Əliyev, İmişli rayon sakinləri Samir Qurbanov, Mais Kərimov və Vüsal Hümbətov olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan araşdırmalar zamanı onların digər cinayət əməllərinin üstü də açılıb.

Belə ki, adıçəkilən şəxslər iyulun 14-də eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyunu oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar.

Faktlarla bağlı Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər