Bakıda adam oğurluğu ilə məşğul olmaqda ittiham olunan Pakistan vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammadun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb edib.
Bu barədə Pakistan vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı polisə müraciət ediblər.
Bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri 1996-cı il təvəllüdlü Mukhtar Mohsin,1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları H.Əliyev adına Beynəlxalq Hava Limanında qarşılayıb onlara taksi fəaliyyəti göstərəcəkləri adı ilə Bakı sakininə məxsus kirayədə yaşadıqları mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər, o cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dolları və 400 Avro pulunu ələ keçiriblər.
Bundan başqa, azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 000 ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.
Cinayət işi üzrə 3 Pakistan vətəndaşı zərərçəkmiş qismində tanınıblar.