20 Noyabr 2023 09:05
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayonunun Nəvahı qəsəbə sakini, əvvəllər müxtəlif cinayət əməllərinə görə yeddi dəfə məhkum olunmuş Vüqar Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zamanı 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 12 ədəd patron aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini, əvvəllər oğurluq və narkotiklərə görə məhkum olunmuş Niyaməddin Həsənov saxlanılıb. Ondan isə 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkarlanaraq götürülüb.

Həmçinin, şöbə əməkdaşlarının müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması, eləcə də könüllü olaraq təhvil verilməsi ilə istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı ötən həftə ərzində 5 sakindən müvafiq sənədləri olmayan ov silahı aşkarlanıb. 6 sakin isə 1 ədəd qələm silahını və 5 ədəd sənədsiz ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bundan əlavə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çarı ilin yanvar ayında rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Səxavət Səmədov da saxlanılıb.

Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, S.Səmədov vətəndaşın etibarından istifadə edərək, onu dövlət qurumlarının birində işlə təmin edəcəyi barədə vədlər verərək zərərçəkənin 9000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edilən bütün faktlarla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Bundan başqa, Şirvan Şəhər polis şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 26 ədəd patron aşkarlanaraq götürülüb.

Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər