Sabir Rüstəmxanlı: “Türkiyə rəsmilərinin açıqlaması qətlə yetirilən türklərin ruhuna hörmətsizlikdir”
“Dünya Azərbaycanlıları Konqresinin XIII qurultayı indiyə qədər keçirilmiş qurultaylardan daha möhtəşəm və daha məzmunlu idi. Hesab edirəm ki, qurultay həm də ciddi siyasi hadisə olaraq yadda qalacaq”.
Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı aprelin 18-də Türkiyənin paytaxtı İstanbulda Dünya Azərbaycanlıları Konqresi (DAK) XIII qurultayının nəticələri ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, qurultaya dünyanın bir sıra ölkələrindən qonaqlar dəvət olunub: “Türkiyənin aparıcı media orqanları tədbirimizi işıqlandırdı. DAK-ın parçalanmış qollarının nümayəndələri də İstanbula gəlmişdi. Onların bəziləri DAK İdarə Heyətinə üzv seçildilər. Biz milli birliyi orada nümayiş etdirdik. Həm iqtidar, həm müxalifət partiyalarından, dövlər orqanlarından qonaqlarımız var idi. Milli həmrəyliyi nümayiş etdirə bildik”.
S.Rüstəmxanlı qurultaya Bakıdan daha az adamın dəvət olunmasına aydınlıq gətirdi: “DAK-ın əvvəlki qurultaylarında Bakıdan xeyli sayda adamlar dəvət olunurdu. Amma bu dəfə biz daha çox kənar ölkələrdən qonaqların dəvət olunmasına üstünlük verdim. Azərbaycandan isə DAK-ın işində fəallıq göstərən şəxsləri dəvət etdik. Güney məsələsi ilə məşğul olan, DAK ideoloji kursuna xidmət edən şəxslərə üstünlük verdik. Bu mənada doğru buyurursuz ki, bu dəfə Bakıdan daha az dəvət olundu”.
DAK sədrinə görə, qondarma erməni soyqırımı ilə bağlı Roma papasının açıqlaması və Avropa Parlamentinin qərarından sonra İstanbulda qurultayın keçirilməsi həm də Azərbaycan ictimaiyətinin Türkiyəyə dəstəyi idi: “Əslində, soyqırımı Azərbaycan türklərinə qarşı olub. 1905, 1918 və 1988-ci ildən sonra baş verən proseslər göstərdi ki, ermənilər türkləri qırmağı qarşılarına məqsəd qoyublar. İndi türk düşmənləri çalışır ki, Türkiyəni, o cümlədən Azərbaycanı zəiflətsin. Əslində ermənilər Türkiyədən üzr istəməlidir. Onlar Birinci Dünya Müharibəsində vətəndaşı olduqları dövlətə xəyanət ediblər. Osmanlı-Rusiya savaşında türklərə arxadan zərbə vurmağa qalxdılar. 1915-ci ildə türklər ermənilərdən daha çox öldürülüb. İndi Türkiyə rəsmilərinin ermənilərə başsağlığı verməsini düzgün hesab etmirəm. Xalq onlara ermənilərdən başsağlığı vermək, üzr istəmək səlahiyyətini verməyib axı. Türkiyə rəsmilərinin açıqlamaları 1915-ci ildə qəddarcasına qətlə yetirilən türklərin ruhuna hörmətsizlikdir. Hazırda Türkiyədə ermənilərə göstərilən diqqət, heç azəri türklərinə qaşrı göstərilmir. Biz bunların hamısını qurultayda bildirdik”.
S.Rüstəmxanlı bildirdi ki, 24 apreldə Çanaqqala zəfərinin qeyd olunması düzgün qərardır: “Çanaqqala türkün iradəsinin parlaq qələbəsidir. Həmin qələbədə aəzri türklərinin də rolu var. Atatürk deyirdir ki, mən sizə torpaq uğurunda savaşmağı yox, ölməyi əmr edirəm”.
Ruslan