Milli Məclisdə “Bədən tərbiyəsi və idman haqqında” qanuna düzəlişlər müzakirəyə çıxarılıb.
Teleqraf.com-un xəbərinə görə, bu haqda deputatlara məlumat verən millət vəkili Rauf Əliyev deyib ki, kütləvi idman tədbirləri, yarışlar zamanı zorakılığın qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi zəruridir: “Digər tərəfdən isə ölkədə idman tədbirləri keçirilən zaman saxta biletlərin satışın qarşısının alınması təmin olunmalıdır. Təklif olunan dəyişiklərə əsasən, qanuna zorakılığın qarşısının alınması və giriş biletlərinin saxtalaşmasının, yüksək qiymətə satışının qarşısının alınması ilə bağlıdır”.
Millət vəkili qeyd edib ki, ölkəmizdə son illər və gələcəkdə böyük idman yarışları keçiriləcək: “Bu dəyişikliklər nəinki I Avropa Oyunları üçün çox vacibdir, həmçinin, digər yarışlar üçün də çox əhəmiyyətlidir. I Avropa Oyunlarına çox az vaxt qalıb və bununla bağlı Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva çox böyük işlər aparıb”.
Deputat bildirib ki, I Avropa Oyunlarının məşəli artıq ölkə başçısı tərəfindən yandırıldı: “Bu işdə bizə bir çox dövlət qurumlarımız dəstək verib. Hər bir millət vəkilini bu məsələyə səs verməyə dəvət edirəm”.
Millət vəkili Aytən Mustafayeva dəyişiklikləri dəstəkləyib və deyib ki, ali məktəblərdə bədən tərbiyəsi fənnini ləğv ediblər: “Bu, çox böyük bir səhvdir. Həmçinin, orta məkətblərdə hərbi dərsin götürülməsi də çox yanlışdır. Xarici ölkələrə nəzər salqsaq, sistem başqadır”.
Millət vəkili Gölçöhrə Məmmədova isə deyib ki, unutmayaq ki, universitetlər ali təhsil verən qurumlardır: “Bu gün Baloniya sistemidir. Burada əsasən, mütəxəssis formalaşdırılmasına xidmət edən fənnlərə yer verirlər. Ona görə də, bunlara çox yer ayrılmayıb. Lakin bu o demək deyil ki, bədən tərbiyəsi bir dəfəlik universitetlərdən çıxarılıb. Bunun üçün xüsusi klub yaradılıb. Tələbələr də o klublara gedirlər. Hər bir tələbə isə özü istədiyi idman növü ilə məşğul ola bilir. Universitetlər də tələbələrin həvəsini nəzərə alıb lazımi şərait yaradırlar. Bu məsələdə narahat olmağa ehtiyac yoxdur”.
Nemət