Təhsil Azərbaycan üçün ən prioritet məsələlərdən biridir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, təhsil bilik, gələcək və modernləşmədir: “Hökumətimiz hər il gənclərimizin dünyanın aparıcı universitetlərində təhsil alması üçün ən azı 40 milyon avro xərcləyir. Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin edilib”.
Dövlət başçısı qeyd edib ki, təhsil, həmçinin radikallaşmadan müdafiədir: “Cəmiyyətdə sabitlik və ədalət, onun iqtisadi inkişafı, yoxsulluq və işsizliyin tam aradan qaldırılması radikallaşmadan müdafiədir”.
İlham Əliyev əlavə edib ki, yoxsulluq, işsizlik, siyasi və iqtisadi ədalətsizlik radikalları qidalandırır: “Radikallar gənc insanların beynini yumaq və onları öz məqsədləri naminə cəlb etmək üçün bu alətlərdən istifadə edirlər. Beləliklə, təhsil bizim üçün modernləşmə, inkişaf, eləcə də radikalizmdən müdafiə anlamına gəlir. Bu, Azərbaycanı gələcəkdə necə görmək istədiyimizdir. Və cəmiyyətimizdə Azərbaycanın necə inkişaf etməli olduğuna münasibətdə tam həmrəylik var”.