12 May 2015 11:51
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist və müsavatçı Elbəyi Həsənli, Müsavatın indiki və keçmiş başqanlarını sərt tənqid edib. Teleqraf.com-un məlumatına görə, o, özünün Feysbuk səhifəsinə yerləşdirdiyi müraciət-yazıda Arif Hacılını “səviyyəsiz”, “alçaq” adlandırıb, onu Müsavata “ermənidən betər” pislik etməkdə ittiham edib, “sən” deyə müraciət etdiyi İsa Qəmbəri isə Arif Hacılının “dalınca sürünməkdə” günahlandıraraq, onu Azərbaycan xalqından üzr istəməyə çağırıb. Elbəyi Həsənlinin müraciət-yazısını təqdim edirik.

“Nə qədər ki, Arif Hacılı İsa Qəmbərin dalınca gedirdi, hər şey əla idi. Elə ki, İsa Qəmbər Arif Hacılının dalınca sürünməyə başladı, Azərbaycanın siyasi səhnəsində rəzalətə start verildi. Hazırda Azərbaycan xalqı son dərəcə iyrənc olan bu mənzərəni seyr etməkdədir.

Müsavat Partiyası kimi kübar bir təşkilat Arif Hacılı kimi birinin inhisarına keçib. O da özü kimilərini başına yığaraq, on illərlə Müsavat Partiyasında can qoymuş şəxsləri təşkilatdan kənara atır.

Etiraz edəndə isə deyirlər ki, Müsavat Partiyasına qarşı total təbliğat gedir. Təbii ki, yalan danışırlar. Azərbaycan xalqı yoxdan bir dövlət yaratmış Müsavat Partiyasına həmişə rəğbət bəsləyib. Və insanlar Müsavat Partiyasına yox, məhz sizlərin hərəkətinə etiraz edir.

İsa Qəmbər də 20-30, hətta 40 il çiyin-çiyinə getdiyi şəxsləri xəyanətdə suçlayır. Bu qədər insana, xüsusən dostlarına satqın deyən özü-özünü lider kimi bitirib. Bundan sonra hansı axmaq sənin dalınca gedər, cənab İsa Qəmbər?

Mən həmişə Əli Kərimliyə qarşı olmuşam. Ancaq dostlarına münasibətdə o, son dərəcə diqqətlidir. Bir cəbhəçinin burnu qanayanda həmən yanındadır. Ailəsinə, valideyninə mənəvi dəstək verər. İlərlə həbsdə yatan müsavatçılar var ki, bir dəfə qapısını açmamısan. Dünya gör-götür dünyasıdır. Yaxşı şeyi gec də olsa öyrənmək lazımdır.

Sən həyatının ən kamil dövrünü yaşayırsan. Və belə bir dövrdə bu qədər səhv etmək, bu ağlasığmazdır. Ona görə dünya görmüş kişilər deyib ki, Allah insanın ağlını alınca, canını alsın…

Problem ondadır ki, sən öz missiyanı unutmusan. Sən millətin son ümidlərini də çilik-çilik etdin, fərqində deyilsənmi?

Sizin kənddə necədir, bilmirəm. Bizim kənddə alçağın yanında dayanana kişi demirlər.

Müsavat Partiyasının başqanı erməni olsaydı belə o, bu təşkilata bu qədər pislik etməzdi. Mən əminəm, vaxt gələcək müsavatçılar Arif Hacılını divara dirəyəcəklər. Və bu əməllərinə görə onun üzünə tüpürəcəklər…

Siz Müsavat Partiyasına, Məmmədəmin kişiyə, üzrəngli bayrağa xəyanət etmisiz. Tarix sizləri lənətləyəcək. Arif Hacılı partiyanı ailəsinin oyuncağına çevirmək üçün müsavatçılara divan tutdu. Siz isə “İsa Qəmbərsiz Müsavat belə olar” fikrini aşılamaq üçün bu rəzalətə rəvac verdiniz…

Bilirəm, məni də xain elan edəcəksiz. Olsun. Amma bir də Rafiq İsmayılın açıqlamasına nəzar sal. Axı o, sənin də müəllimin olub. O, birmənalı şəkildə dedi ki, sizlər, yəni Arif Hacılı (əminəm ki, elə sizi də nəzərdə tutaraq) Müsavat Partiyasını dərəyə çevirdiniz…

Mən sizin yerinizə olsaydım, özümü asardım. Millətin son ümidini də məhv edən birisinin yaşamasının nə anlamı var ki.

Çıxış yolu varmı? Var. Həmən Müsavat Partiyasından qovulan və xain elan olunan insanlardan rəsmən üzr istəyin. Onlarla təkbətək görüşlər keçirin. “Mən ölüm” deyin, “qurban olum” deyin, insanlarla dil tapın, anlaşın, günahlarınızı etiraf edin. Əminəm ki, bunu etməyə cəsarətiniz çatsa, ən azı 10 nəfərdən 7-si geri dönəcək. Yerdə qalanlarla da danışıqları davam etdirmək lazım gələcək. Biz hamımız Allahın günahkar bəndələriyik. Siz Hacı kimi yaxşı bilirsiz ki, insan günahların etiraf edəndə böyük olur…

Bilirəm, bunları edən deyilsiz. Çünki artıq məntiqlə düşünmürsüz. Prosesləri təhlil etmək qabiliyyətini itirmisiz…

Bir daha sənə üz tuturam. Ləyaqətli insanlara, dostlarına şər atdığına görə üzr istə. Heç olmasa məndən nümunə götür. Məsələn, mən sənə görə Qara Tofiqin ürəyini sındırdım. Onu ittiham etdim, dedim ki, sən istənilən halda İsa Qəmbərin yanında olmalıydın. Axı o, sənin dostundur. Onda mənim ağlımın ucundan da keçməzdi ki, İsa Qəmbər dostlarını topası ilə xain elan edəcək. İndi məlum olur ki, o, sizi məndən çox-çox yaxşı tanıyırmış. Mən o kişiyə qarşı haqsızlıq etdim. Elə buna görə də Qara Tofiqdən üzr istəyirəm…

Siz də satqın adlandırdığınız dostlarınızdan, müsavatçılardan və Azərbaycan xalqından üzr istəyin. Vicdan əzabından bir dəfəlik qurtulun…

Mən sizi ucalığa səsləyirəm…”


Müəllif:

Oxşar xəbərlər