22 May 2015 14:15
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal üçlüyün şəxsi hesabında milyonlarla vəsait toplanıb

Ermənistanda baş verən prosesləri təhlil edərək belə qənaətə gəlmək olar ki, kriminalın dövlətlə birləşdirilməsi elə geniş miqyas alıb ki, bu ölkəni dünya nizamına təhdid kimi elan etməyin və onun ərazisində İnterpolun himayəsi altında xüsusi əməliyyat keçirməyin vaxtı çatıb. Erməni diasporu bu işğalçı ölkəni dünya sivilizasiyası və mədəniyyət mərkəzi, cənnətməkan, regionda demokratiya və ədalətin beşiyi kimi qələmə verməyə çalışsa da, hakimiyyətin taxmış olduğu mələk maskasının arxasından kriminal rejimin mahiyyəti, eləcə də, əxlaqsızlıq və ləyaqətsizlik açıq-aydın görünməkdədir.

Bu barədə Ermənistanın İrs Partiyasının mətbuat xidmətinin rəhbəri David Sanasaryan özünün “Facebook” səhifəsində yazıb.

Pul üstündə oturaraq pul istəyirlər

Ermənistan hakimiyyəti öz cibindən savayı, hər yerdə maliyyə vəsaiti axtarır. Müdriklərdən birinin dediyi kimi, “pul üstündə oturaraq pul istəyirlər”. Bu sözlər hakimiyyətin bütün sisteminə aiddir. Bu sistemə Robert Köçəryan, Serj Sarkisyan, Ovik Abramyan, Qagik Tsarukyan, Qagik Beqlaryan, Saşik Sarkisyan, Samvel Aleksanyan, Ruben Ayrapetyan, Mqer Sedrakyan, Manvel Qriqoryan, həmçinin, Ermənistanda indi və əvvəl hakimiyyətdə təmsil olunan, eləcə də, böyük biznesdə iştirak edən məmurlar daxildir.

Ermənistan hakimiyyəti sisteminin nümayəndələrinin şəxsi hesablarında (Ermənistanda və xaricdə açılan hesablarda) milyonlarla, bəlkə də, milyardlarla vəsait toplanıb. Bu yaxınlarda xarici təşkilatlardan birinin araşdırmasında Ermənistanla bağlı deyilirdi ki, son 10-12 ildə Ermənistandan qanunsuz yolla 7,5 milyard dollar çıxarılıb.

Ermənistanda heç kəs bu insana layiqincə cavab verə bilmir. Axı o, qardaşdır!

Kriminal Ermənistanın hazırda əsas simalarından biri prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyandır. O, ölkədə və xaricdə “Saşik 50 faiz” ləqəbi ilə tanınır. Ləqəbin yaranmasına səbəb onun açılan kommersiya obyektlərinin sahiblərindən 50 faiz pay tələb etməsidir. Heç kəs onun təklifini geri çevirə bilməz.

Saşik - “pazik”in macəraları erməniləri cana gətirib

Ermənistanda elə kiçik cəlbedici biznes sahəsi yoxdur ki, Saşik ora burnunu soxmasın. Prezidentin qardaşının təklifindən imtina edənlər ya vəhşicəsinə döyülür, ya ölkədən qaçmaq məcburiyyətində qalır, ya da sadəcə öldürülür.

Saşik cinayətkar gəlirlərini leqallaşdırmağı da unutmur. O, xaricdə ev, restoran, mehmanxana, gecə klubları, şirkətlər alaraq həmin gəlirləri ölkədən çıxarmağa üstünlük verir. Bəzi məlumatlara əsasən, Saşik ABŞ-a təqribən 200 milyon dollar çıxarıb. Belə ki, o, 2005-ci ildə Kaliforniya ştatının Tarzana şəhərində 2,8 milyon dollara malikanə alıb. Hazırda onun qiyməti 3,5 milyon dollar qiymətləndirilir.

Saşikin Rusiya, İspaniya, Çexiya və Bolqarıstanda da biznesi var. Saşik İran və Birləşmiş Ərəb Əmirliklərinə qoyunların ixracı sahəsində inhisarçı kimi də tanınır. Daha əvvəl Ermənistanda qoyunçuluq yezidi kürdlərin ənənəvi fəaliyyət sahəsi hesab edilirdi. Görünür, yezidi kürdlər təzyiq altında təsərrüfatlarını prezidentin qardaşına vermək məcburiyyətində qalıblar. Ermənistana meyvə idxalı da onun firmalarının nəzarəti altındadır. İş o yerə çatıb ki, ölkənin yollarında quraşdırılmış kameralar və radarlar faktiki olaraq Saşikin mülkiyyətindədir.

Necə oldu ki, Dağlıq Qarabağdan olan sürücü ERmənistanda insanları “çörək” vəzifələrinə təyin etməyə başladı?

Saşik deputat və oliqarx olmazdan əvvəl Qarabağda avtobus sürücüsü və qaz sahəsində texniki işçi kimi çalışıb. Vergi və hüquq-mühafizə orqanları ilə problemləri olan sahibkarlar Saşikə müraciət edirlər. O da müəyyən məbləğ qarşısında onların istənilən problemini həll etməyə hazırdır. Onun səlahiyyətlərinə, həmçinin, kadr siyasəti, o cümlədən, Ermənistan və Dağlıq Qarabağda insanları bütün “çörək” vəzifələrinə təyin etmək daxildir.

Vaxtilə sürücü işləyən və qaz sayğaclarının quraşdırılması ilə məşğul olan Saşik kriminal dairələrlə qarşılıqlı-faydalı əməkdaşlıq qurmağa başladı. Onun narkoman oğlu Narek erməni “qanuni oğrular” arasında tez-tez görünür.

Saşikin kriminal dairələrlə əlaqələri vaxtilə ABŞ hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. ABŞ-da iri erməni cinayətkar sindikatı olan “Erməni gücü”nün fəaliyyəti araşdırılarkən onun rəhbəri “Pzo” ləqəbli Armen Kazaryan həbs edilərək mühakimə edilmişdi. Mətbuatda bildirilirdi ki, Saşikin onunla müştərək biznesi var idi və “Pzo” vasitəsilə diaspordakı erməni cinayət aləminin nümayəndələri, eləcə də Rusiyadakı “qanuni oğrular”la əlaqə saxlayırdı. Görünür, Saşikin Ermənistan prezidentinin qardaşı olması faktı ona qarşı dosyenin açılmasına mane oldu.

Saşik Serjin real simasıdır - öz iştirakı ilə bunu həmişə xatırladır

Saşik xalqa “yaxın”dır. O, Serj Sarkisyandan daha “səmimi” və “düzgün”dür, çünki həm Qərb, həm Türkiyə, həm də rusiyayönümlü olmağa çalışmır. O, yalnız pulyönümlüdür. Serj Sarkisyan iqtisadi zonalar barədə danışanda, Saşik tam mahiyyətilə nümayiş etdirir ki, bu, belə deyil. Prezident Ermənistan xalqının maraqları, demokratiya, insan haqları barədə danışanda Saşik xalqa eyham edir ki, buna inanmaq lazım deyil. Saşik əməlləri ilə Ermənistan xalqına ismarıc göndərir ki, bu “Sarkisyanlar”a inanmaq olmaz, çünki onlar Saşikin özündən daha böyük Saşiklərdir.

Bir Sarkisyan, iki Sarkisyan, üç Sarkisyan...

Prezidentin digər qardaşı - Yerevan Dövlət Universitetinin teoloji fakültəsində kafedra müdiri işləyən Levon Sarkisyan ölkənin elit tikinti sahəsinə nəzarət edir. Ermənistana fırıldaq yolu ilə xarici investorların cəlb olunmasında böyük “təcrübə”si var. Belə ki, prezidentin qardaşına inanaraq mənzil tikintisinə pullar yatıran həmin investorlar sonradan aldadılaraq, əliboş ölkəni tərk etməli olurlar. Hazırda Ermənistan məhkəmələrində aldandılmış 5 xarici investorun məhkəmə iddialarına baxılmaqdadır. Amma həmin iddiaların ədalətli şəkildə araşdırılacağına kimsə inanmır.

Oğurluq yolu ilə əldə edilən pulların yuyulmasında hakim ailənin digər üzvü - prezident Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyanın (onu hamı Mişik kimi tanıyır) böyük rolu vardır. Təqribən 3 il əvvəl o, ailəyə məxsus pulları Avropadakı banklara yerləşdirmək məqsədilə Ermənistanın Vatikana səfiri təyin olunmuşdu. Kürəkənə bu “şərəfli missiya”nı yerinə yetirməkdə Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarqisyan yardım edir.

Bütün bunlardan əlavə, Mişik həm də Ermənistandakı KİV sənayesinin təqribən 80 faizinə nəzarət edir, hansı ki, buraya “Panarmenian”, “Armenia TV”, “Hay TV”, ATV media qrupu, tert.am, news.am, blognews.am, asekose.am onlayn media və başqaları daxildir. Bundan əlavə, Mişik həm də “Jazvee” ticarət markalı kofe məhsullarına və tütün məmulatlarının satışına nəzarət edir.

Göründüyü kimi, Ermənistanın taleyinin Saşik, Mişik və digər “qalstuklu” oğruların əlinə keçməsi nəinki erməni xalqı, eləcə də, bütün sivil dünya üçün bir təhqir hesab olunmalıdır.

Bu gün kriminal rejim və təşkilatların əldə etdikləri “çirkli pullar”ın yuyulması müasir cəmiyyətdə prioritet məsələ olduğundan, dünya nizamını pozmaqda davam edən Ermənistan hakimiyyətinin qarşısına nə vaxtsa sipər çəkiləcəyinə ümid yaranır. Bundan əlavə, yuxarıda adları sadalanan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi nəinki sadə erməni xalqı, eyni zamanda, beynəlxalq təhlükəsizlik baxımından da aktual məsələ olaraq qalmaqdadır.


Müəllif:

Oxşar xəbərlər