19 İyun 2015 15:41
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Yardımlı rayon sakinləri Rafiq və İlham Nəciyev qardaşlarının barəsində olan hökmdən Baş prokurorluğun verdiyi kasasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, 1989-cu il təvəllüldlü İlham Nəciyev 26 mart 2012-ci il tarixdə, saat 22:00 radələrində Şirvan şəhərindəki "Xan" çay evinə gəlib, oranı işlədən Kamran Məmmədovdan internet şəbəkəsinə daxil olmaq üçün kodu istəyib. Daha sonra kodun ona gec verilməsi bəhanəsiylə Kamran Məmmədov və onun qardaşı Sənan Məmmədovla mübahisə edib.

İlham həmin vaxt çayxana sahiblərini buranı dağıdacağı və söhbətə qardaşını da çağıracağı ilə hədələyib. O, qardaşı Rafiq Nəciyevə zəng edərək çayxanada təkləndiyini deyib. Rafiq çayxanaya gəlib.

İlham və Rafiq Nəciyev qardaşları Kamran və onun qardaşı Sənanla mübahisə ediblər. Nəciyev qardaşları bıçaq nümayiş etdirməklə Sənan və Kamran Məmmədovların ünvanına nalayiq sözlər işlədiblər. Həmin vaxt Rafiq qardaşı İlhama bıçaqla xəsarət yetirib. Hadisə yerinə gələn Asif Ələkbərov Rafiq Nəciyevin hərəkətlərinin qarşısını almaq məqsədilə araya girib, Kamranı və Sənanı hadisə yerindən uzaqlaşdırmaq istəyib. Həmin zaman Rafiq Nəciyev bıçaqla Asif Ələkbərovu da vurub.

Rafiq Nəciyev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 120.2.10-cu (təkrar adam öldürməyə cəhd) maddələri ilə, İlham Nəciyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökm çıxararkən Rafiq Nəciyevin ittiham olunduğu maddələri dəyişib, Məcəllənin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7 və 120.2.10-cu maddələri 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərər vurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma) maddələrinə tövsif edib. Məhkəmə həmin maddələrlə Rafiq Nəciyevi 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib. İlham Nəciyev isə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib. Dövlət ittihamçısı Azər Abbasov Şirvan Apelyasiya Məhkəməsinə yazdığı şikayətdə Nəciyev qardaşlarının cəzalarının ağırlaşdırılmasını istəyib.

O, Rafiq Nəciyevin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Apelyasiya instansiyasında işə hakim Ələsgər Novruzov baxıb və yekun qərarını açıqlayıb. Qərara görə, prokurorluğun protesti təmin edilməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanıb. Bu qərardan Prokurorluq Ali Məhkəməyə şikayət edib.

Ali Məhkəmədə işə baxan hakimlər Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.

Şirvan Apelyasiya Məhkəməsinin növbəti qərarına görə, Rafiq Nəciyevin apelyasiya şikayəti təmin edilib və onun əməli Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirli bilinib və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Rafiq Nəciyevin 27 mart 2012-ci il tarixdən həbsdə saxlanması nəzərə alınaraq, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilib. Prokurorluğun protesti təmin edilməyib.

Baş Prokurorluq növbəti dəfə Ali Məhkəməyə kasasiya şikayəti verib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib və Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər