Yusif Bağırzadə: “Xaricdə yüksək səviyyədə təhsil alan azərbaycanlı mütəxəssislərə ehtiyacımız var”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin təhsillə bağlı yeni təklifləri var. Bu haqda AMİP sədri təkliflərini Teleqraf.com-a açıqlayıb.
Partiya sədri bildirib ki, artıq 2015-ci il üçün ali məktəblərə və xarici universitetlərə qəbul prosesi yekunlaşmaq üzrədir.
Onun sözlərinə görə, güclü və keyfiyyətli təhsil Azərbaycanın yaxşı gələcəyi deməkdir: “Azərbaycanda xaricdə təhsil alacaq gənc tələbələrin ərizələrin qəbulu başa çatıb və dinləmələr keçirilir. Uzun illərdir ki, Azərbaycanda çoxlu sayda xarici şirkətlər çalışır. Bir neçə özəl və dövlət proyektlərində azərbaycanlı yüksək ixtisaslı mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də çalışır. Bu proyektlərdə çalışan azərbaycanlı mütəxəssislərə əmək haqqı az verilir, xarici mütəxəssislərə isə yüksək maaş verilir. Bu da, onunla bağlıdır ki, xaricdən gələn mütəxəssislər yüksək təhsil alıblar. Hesab edirəm ki, bu fakt göstərir ki, Azərbaycanın xaricdə keyfiyyətli təhsil alan yüksək mütəxəssislərə ehtiyacı var. Azərbaycan iqtisadi baxımdan güclü dövlətdir. Bu isə o deməkdir ki, ölkədə həyata keçirilən proyektlər davamlı olacaq. Bu halda bizim bir çox sahələrdə yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərə ehtiyacımız hiss edilir. Bu proyektlərdə verilən yüksək əmək haqlarını da, yerli gənc mütəxəssislərimiz ala bilər. Məlumat üçün sizin nəzərinizə çatdırım ki, bu praktikanı Qazaxıstan 20 ildir ki, həyata keçirir. 20 ildir Qazaxıstan dövlət hesabına tələbələrini xaricdə yüksək ixtisaslı təhsillə təmin edir. Bunun nəticəsində Qazaxıstanda biznes strukturu irəli gedib. Çünki təhsil alan tələbələr sonradan yüksək ixtisaslı mütəxəssis kimi Qazaxıstana qayıdır və burada çalışırlar”.
AMİP sədri xatırladıb ki, bir müddət əvvəl təhsil naziri cənab Mikayıl Cabbarov bildirib ki, Azərbaycandan xaricə gedib təhsil alan tələbələr vətənə qayıtmır: “Ola bilsin ki, belə faktlar var. Azərbaycan güclü dövlətdir. Xaricdə alan tələbələri təhsilini başa vurduqdan sonra işlə təmin edə bilər. Bu halda tələbələr geri qayıdacaq və öz vətənlərində işləyəcək. İndi yaxşı haldır ki, dövlət proqramı ilə də xaricdə gənclərimiz təhsil alırlar. Biz təklif edirik ki, tələbələrə həm də təhsil krediti verilsin. Bunun hüququ bazası, qanunvericiliyi formalaşmalıdır. Təhsil krediti həm ölkə daxilində təhsil alan imkansız tələbələrə, həm də dövlət proqramından kənarda xaricdə təhsil alanlara verilməlidir. Əlbəttə, bu kreditlərin faizləri aşağı olmalıdır. Biz xaricdən dəvət edib proyektlərdə işlətdiyimiz əcnəbi mütəxəssislərin yerinə xaricdə təhsilini başa vuran öz vətəndaşlarımızı dəvət edə bilərik. Buz aman həm də irəli gedərik. İlk növbədə onlara verilən yüksək əməkhaqqı ölkəmizdə qalar, həm yüksək ixtisaslı mütəxəssislərimizin təcrübəsi getdikcə artar, həm də bu proses vergi məsələsi baxımdan xeyrimizə olar. Odur ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Gənc nəslin keyfiyyətli təhsili Azərbaycanın yaxşı gələcəyi kimi qəbul edilməlidir”.
Cavidan