“Müxalifətdə seçki əhval-ruhiyyəsi yoxdur”.
Bunu sabiq deputat, uzun illər müxalifət düşərgəsində təmsil olunan Zəminə Dünyamalıyeva deyib.
Onun fikrincə, buna səbəb düşərgədə intellektual bazanın olmamasıdır: “Seçki sıradan bir tədbir deyil. 5 ildən bir seçilmişlərin içərisindən seçilmiş seçilir. Bu da, o deməkdir ki, siyasətçilərin fəaliyyəti izlənməlidir. Ümumiyyətlə, bizdə partiyalar dağılıb. Neçə il əvvəl deyirdim ki, partiya liderləri dəyişməlidir. İndi bu baş verdi, amma zamanında baş vermədi. Zamanında partiyaların liderləri dəyişsə, gəncləşsə idi seçkiyə yeni simalar və ideyalarla qatılmaq asan və uğurlu ola bilərdi. Amma nə yazıq ki, bu prosesi uzatdılar, partiyaları iflic duruma saldılar. Partiyalarda şüuru bir qədər yetkin olan insanların bəziləri xaricə üz tutdu, bəziləri isə ayrıldı. Odur ki, indi partiyalarda intellektual baza yoxdur. Təbii ki, seçkiyə qatılmaq üçün intellekti, siyasi hazırlığı, təcrübəsi, nüfuzu və savadı olan insanlar lazımdır. Belə insanlar indi partiyalarda nəinki azdır, hətta sıfır vəziyyətindədir. Olanların çoxu çəkilib kənara. Çünki bu partiyaların uğursuzluğunu gördülər. Bu gün seçkiyə hazır bir partiya göstərə bilərsinizmi? Yox. Demək baza yoxdur, intellektual kəsim haqda danışmağa dəyməz”.
Z.Dünyamalıyeva bildirib ki, partiya liderlərinin bəziləri deyiləndən uzun illər sonra postlarını tərk ediblər: “Bu üzdən də onların getməsi heç nəyi dəyişmədi. Baxın, İsa Qəmbər getdi, Arif Hacılı gəldi, bəyəm nəsə oldu? Məntiq yoxdur. Biz demirik ki, biri getsin, digəri onu əvəz eləsin. Biz deyirik ki, partiyalar yeniləşsin və gəncləşsin. 20 il bundan qabaqki dövrə və indiki dövrə baxın. Görün, nə qədər fərq var. Siyasilər də buna uyğun olaraq dəyişməlidir. Azərbaycanda bir partiya üzərində bu yeniliyi edib. Yəni hakimiyyət partiyasında bu baş verib. Yaxşı olardı ki, iqtidarlı-müxalifətli buna nail olunsun. Hakimiyyət müəyyən mənada islahatlar aparır. Mən illər əvvəl demişdim ki, dövlət başçısı dəyişdiyi kimi müxalifət də dəyişməlidir. Ancaq bizdə bu baş vermədi. Onun nəticəsidir ki, müxalifətdə indiki durum yaranıb”.
“İsa Qəmbər, Rəsul Quliyev liderlikdən getdi, Lalə Şövkət faktiki olaraq ortada yoxdur. Daha kimlər partiya sədri postundan getməlidir” sualına gəldikdə müsahibimiz bildirib ki, söhbət partiya sədrlərinin siyasətdən getməsində deyil, hansı formada getməsindən gedə bilər: “Birinci gedənlər zamanı bada verib gediblər. İkincisi əgər özü gedib yerinə də özü kimisini qoyacaqdısa, heç getməsə daha yaxşı idi. Söhbət beyinlərin, siyasi yanaşmaların dəyişməsindən gedir. Bir fərdin dəyişməsi nəyi həll edə bilər? SSRİ-ni bəyənmirdik. Həmin quruluşda hər bir şəxsin hazırladığı gənc kadr olurdu. Partiya dövlət qurumu deyil. Elə etmək lazımdır ki, sədr gedəndə təşkilat iflic vəziyyətə düşməsin. Şəxsiyyətə pərəstiş dövrü deyil ki, lider gedəndə partiya dağılsın. Ancaq biz də bu proses baş verir. Lider gedən kimi partiyalar dağılır. İndi ortada AXCP qalıb, lakin onun da varlığı hiss edilmir. Əli Kərimli o zaman gənc idi, heç olmasa bu birilərindən dərs götürməlidir. Lakin o da düşünmədi, özündən əvvəlki liderlərin yolunu gedir. Bilirsinizmi, bir parçadan tikilən paltarların fərqi olmur. Toplananın yerini dəyişəndə də cəm dəyişmir.
Türkiyənin 15 il əvvəlki variantına baxın. Bilirlər ki, 2 seçki keçirəcəklər, qalib olmadılar gedəcəklər. Buna görə də, yerlərinə kadr hazırlayırlar. Bizdə necədir bəs? İsa Qəmbər getdi, Arif Hacılı gəldi, nəsə dəyişiklik oldu? Odur ki, mən ötən seçkilərə daha ümidverici yanaşırdım. Bu il keçiriləcək seçkilərdə partiyaların uğur qazanma ehtimalını ümumiyyətlə görmürəm. Bəlkə fərdlər səviyyəsində ümidverici nəsə ola bilər. Hətta proporsional seçki sistemi bərpa olunsa da, partiyaların uğur qazanmasını düşünə bilmirəm. Odur ki, parlamentdə fərdlər üzərində uğur qazanmaq olar, amma partiyalar üzərində əsla yox”.
Cavidan