20 Avqust 2015 22:23
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birlik bir sıra qərarlar qəbul edib

Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin MDB-nin nizamnamə orqanları və digər qurumları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının növbəti iclası keçirilib. Bu barədə təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev iclasda iştirak edib.

Səlahiyyətli daimi nümayəndələr birliyin ali orqanlarının bu il payızda keçiriləcək iclaslarının gündəliklərinin layihələrini tərtib ediblər.

MDB ölkələrinin Dövlət Başçıları Şurasının 2015-ci il oktyabrın 16-da Astanada keçiriləcək iclasında əlamətdar tarixlərə – BMT-nin yaradılmasının 70 illiyinə və Çernobıl AES-də qəzanın 30-cu ildönümünə həsr edilmiş sənədlərin layihələri müzakirə ediləcək. Bundan əlavə, dövlət başçıları miqrasiya sahəsində əməkdaşlıq, cinayətkarlığa qarşı mübarizə, mədəniyyət, fövqəladə vəziyyətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması, sərhədlərin qorunması, habelə hərbi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dair məsələləri tənzimləyən sənədlər qəbul edəcəklər.

Bu sənədlərin bir qismi MDB Xarici İşlər Nazirləri Şurasının iclasında ilkin müzakirə mərhələsindən keçib. Xarici siyasət idarələrinin rəhbərləri MDB-nin 25 illiyinə, yaxınmüddətli perspektivdə gənclərin beynəlxalq əməkdaşlığının, bədən tərbiyəsi və idmanın inkişafı sahəsində tədbirlərin planlarını, Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının fəaliyyətini, Birliyin iştirakçısı olan dövlətlərin baza təşkilatlarının yaradılması və fəaliyyəti məsələlərini də müzakirə edəcəklər.

MDB Hökumət Başçıları Şurasının bu il oktyabrın 30-da Düşənbədə keçiriləcək iclasının gündəliyinin layihəsinə iqtisadi sahədə qarşılıqlı fəaliyyətin inkişafına aid məsələlər: azad ticarət zonası haqqında müqavilənin reallaşdırılması, iqtisadi sahədə müvafiq orqanların fəaliyyəti, Birliyin iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsi ilə bağlı tədbirlər, innovasiyalar sahəsində əməkdaşlıq, əmtəə bazarlarında rəqabət, veteranlara tibbi-sosial yardım məsələləri, habelə maliyyə xarakterli sənədlərin böyük bloku daxil edilib.

Səlahiyyətli Daimi Nümayəndələri Şurasının üzvləri MDB İqtisad Məhkəməsinin fəaliyyəti barədə məlumatı müzakirə ediblər.

Daimi Nümayəndələr Şurasının iclasında bu il oktyabrın 4-də Qırğız Respublikası Joqorku Keneşinə seçkilərdə Birlikdən müşahidəçilər missiyasının rəhbəri kimi MDB İcraiyyə Komitəsinin sədrinin-icraçı katibin birinci müavini Vladimir Qarkunun namizədliyi razılaşdırılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər