Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf.com-un məlumatına görə, sözügedən qanun layihəsindən danışan millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qarşıdan qışmövsümü gəlir və yenə də yeni tikilmiş hündürmərtəbəli binalar bu ili qazsız keçirəcək: “Eleketrik enerjisindən həddindən artıq istifadə, artıq yükləmələr isə digər problemlər yaradır. Dövlət Neft Şirkəti bildirir ki, bina təhvil verilirsə, qazla təmin edilə bilər.
Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışıq. Dövlət məsuliyyəti vətəndaşın üzərinə qoyur ki, gedin, tikinti şirkətinin rəhbərinə təzyiq edin ki, binanı vaxtında təhvil versin, olmasa, məhkəməyə verin. Məhkəmələr isə illərlə davam edir. Bir çox hallarda bilirik ki, binaların dələduz rəhbərləri bir mənzili bir neçə adama satır. İnsanlarımız da böyük əziyyətlə üz-üzə qalır. Bu məsələnin çox sadə həlli var. Dövlət ona görədir ki, əgər ictimai həyatımızda bu və ya digər sahəsində problem yaranırsa, dərhal o qanunvericilik sahəsində tənzimlənir. Qanunvericiliyə kiçik düzəlişlə dəyişiklik edilsə ki, bina dövlət istismarına qəbul edildikdən sonra tikinti şirkəti yalnız notarial qaydada mənzil satışı həyata keçirə bilər , onda bu problemi həll olunar. Amma biz marağındayıq ki, fundamet qazıldıqdan dərhal sonra tikinti şirkətlərinə pul ödənilsin, onlar vətəndaşın pulu ilə binanı tiksin, bina başa çatandan sonra tikinti şirkətinin rəhbəri desin ki, mənim pulum yoxdur, gedib binanı dövlət tərəfindən qəbul etdirin. Beləliklə, insanlar neçə illər əzəiyyətlərlə üz-üzə qalır. Yaxşı olar ki, biz tikinti şirkətlərinə mənzil satışını qadağan edək. Qoy onlar notarial qaydada bunu həyata keçirsin. Həm də bina istismara tam təhvil verildikdən sonra. Bu dəqiqə elə binalar var ki, bir neçə ildir insanlar orada yaşayır, ancaq qaz yoxdur. Hesab edirəm ki, bununla bağlı Milli Məclis qanunvericiliyə dəyişiklik etməlidir”.
Spiker Oqtay Əsədov isə Q.Həsənquliyevə cavabında deyib ki, bu msəələ dəfələrlə müzkairə edilib: “Amma bütün məsələ qanunla tənzimlənə bilməz. Bununla bağlı Nazirlər Kabinetinin qərarları var və o qərarlara riayət edilməlidir ki, mənzil təhvil verilməmiş ora köçməsinlər. Qaz ağır məsələdir, qaz təhvil verilməmiş binaya köçmək olmaz. İnsanlar özləri müqavilə bağlayır və burada bu məsələlər öz əksini tapır. Bunun üçün qanun çıxartmaq lazım deyil”.
Daha sonra layihə səsə qoyulub və qəbul edilib.
Vasif Həsənli