Akif Nağı: “Azərbaycanın Türkiyədən gözləntisi daha çoxdur”
Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndə heyəti “Qarabağ təbliğat turu” çərçivəsində növbəti tədbirini Türkiyənin İzmit şəhərində keçirib. QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, İzmit şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Evində baş tutan görüşdən əvvəl QAT sədri Akif Nağı, QAT Türkiyə nümayəndəliyinin sədri Cəfər Dal, QAT İdarə Heyətinin üzvləri Rəhman Cəfərov, Hüseyn Hüseynov, “Yaddaş” sənədli filminin rejissoru Elxan Xanəlizadə ictimaiyyət nümayəndələri ilə geniş diskussiya aparıblar.
Tədbiri giriş sözü ilə açan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqanı Bilal Dündar Azərbaycanla Türkiyənin qardaşlıq bağlarından danışaraq, tədbir başlayan anda Bakıdan gələn bir xəbəri görüş iştirakçılarına çatdırıb, QAT sədri Akif Nağıya qardaşının vaxtsız vəfatıyla bağlı başsağlığı verib. Tədbirdə iştirak edən bütün ictimai xadimlərdən başsağlığı qəbul edən QAT sədri A.Nağı şəxsi həyatı ictimai həyatdan ayırmaq lazım olduğunu bildirib. Daha sonra QAT sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, Azərbaycanın qardaş Türkiyədən daha çox gözləntisinin olduğunu çatdırıb. Bakının 1918-ci ildə daşnaklardan azad olunmasını xatırladan QAT sədri bu gün Azərbaycanda hamının Nuru Paşanı, Qafqaz İslam Ordusunu rəhmətlə andığını vurğulayıb. Daha sonra “Yaddaş” sənədli filminə baxmağı təklif edən A.Nağı müzakirələrin filmin nümayişindən sonra olmasını bildirib.
Filmin nümayişindən sonra QAT Türkiyə nümayəndəliyinin sədri Cəfər Dal müzakirələrə başlayıb. Tədbirdə iştirak edən Kocaeli Şairlər və Yazarlar Birliyi başqanı Alptəkin Cövhərli, Səlcuqlu Düşüncə Klubunun başqanı Süleyman Pekin, QAT Türkiyə nümayəndəliyi İdarə Heyətinin üzvü Naci Qara, Kocaeli Aydınlar Ocağı başqanı Ruhiddin Sönməz, Kocaeli sərhəd şəhərləri Qars, Ərdahan, İğdır Dərnəyi başqanı Necdət Qaradaş və digərləri çıxış edərək öz fikirlərini bildiriblər. Çıxışçılar “Yaddaş” sənədli filminin dünyanın müxtəlif ölkələrində daha geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıblar. Türkiyə ictimaiyyət nümayəndələri müzakirələrdə Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrundakı haqlı mübarizəsinin dünyaya daha geniş miqyasda çatdırılması üçün QHT-lərin birgə fəaliyyətlərinin rolundan danışıblar.
Səxavət