Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə namizədliyini geri çəkib və partiya sədrliyindən istefa verib. Qeyd edək ki, Yusif Bağırzadə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü.
Teleqraf.com xəbər verir ki, Yusif Bağırzadə namizədliyinin qeydə alınmaması üçün DSK sədrinə ərizə ilə müraciət edib. Daha sonra isə partiya sədrliyindən istefa verib. Yusif Bağırzadə və AMİP lideri Etibar Məmmədov, eləcə də partiyanın baş katibi Arzuxan Əlizadə telefon zənglərinə cavab vermirlər.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov nəhayət, məsələyə aydınlıq gətirib. O, Teleqraf.com-a açıqlamasında deyib ki, Yusif Bağırzadənin istefa verməsindən bu gün səhər xəbər tutub: “Biz dəqiq bilmirik ki, nə baş verib. Yusif müəllimin özü mətbuata çıxıb ictimaiyyəti məlumatlandırmalıdır. Bəlkə bu dəqiq olmayan informasiyadır. Odur ki, indi bir söz demək mümkün deyil. Hazırda onun istefasına dair qısa və səthi məlumat var. Başa düşürük, ola bilsin ki, səhhətində problem var, özü də uzun müddət müalicə alıb. Hər halda bu istefa ilə bağlı izahatı özü verməlidir”.
Əli Orucov deyir ki, belə kritik məqamlarda nizamnaməyə əsasən sədrlik postu boşalarsa, qurultaya qədər onun vəzifəsini baş katib icra edir: “Əgər Yusif Bağırzadənin istefası dəqiqləşərsə, bu zaman səlahiyyətləri qurultaya qədər baş katibə keçəcək”.
AMİP funksioneri hesab edir ki, indiki halda bu istefa partiyanın seçkilərdə iştirakına mənfi təsir göstərməyəcək: “Bizdə proporsional seçki sistemi yoxdur. İndi AMİP-dən olan namizədlər fərdi qayda da öz seçki kampaniyasını qurur. Bu baxımdan partiya rəhbərliyinin təsiri olmur. Odur ki, namizədlər seçkilərlə bağlı fəaliyyətini davam etdirəcəklər. Proporsional seçki sisteminin olduğu quruluşlarda sədrin seçki öncəsi istefası ciddi problemlər yarada bilər. İndilikdə bu istefa dəqiqləşsə, seçkilərdə AMİP namizədləri üçün problem olmayacaq”.
Əli Orucov qeyd edib ki, bu situasiyada kritik məqam yoxdur: “AMİP liderinin fövqəladə qurultay çağırmaq səlahiyyəti var. Yaranan indiki vəziyyətdə fövqəladə qurultaya ehtiyac olmayacaq. Çünki onsuz da AMİP növbəti qurultaya gedir. Mərkəzi Şuranın qərarına əsasən, seçkilərə qədər qurultay keçirilməlidir. Artıq yerlərdə hesabat-seçki konfransları yekunlaşıb, qurultayla bağlı yaradılan Təşkilat Komitəsi işini başa çatdırıb. Odur ki, indiki boşluq uzun müddət çəkməyəcək. Problem də həllini yaxın müddətdə tapacaq”.
Cavidan