29 Oktyabr 2015 10:30
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türkiyənin 2023-cü il hədəfləri üçün ən önəmli və əhəmiyyətli ortağıdır.

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun 29 Oktyabr Türkiyə Respublikası günü münasibətilə ilə verdiyi müsahibəsində bildirib.

Səfir Türkiyə Respublikasının qurulmasında başda Mustafa Kamal Atatürk olmaqla, hər cür fədakarlıq göstərən, Türkiyənin birliyi və bütövlüyü üçün olduğu kimi bu gün də canlarından keçən təhlüksəsizlik orqanlarına təşəkkür etməyin bir borc olduğunu bildirib.

Diplomat eyni zamanda, Türkiyə Respublikasının qurulmasının 100 illiyi olacaq 2023-cü il üçün dövlətin böyük hədəflərinin olduğunu və bu hədəflərə çatmaq üçün dövlətin potensialı ilə yanaşı, xalqın da inamının olduğunu bildirib.

Səfir onu da qeyd edib ki, Türkiyə Azərbaycan başda olmaqla, dost və qardaş ölkələrlə birlikdə işbirliyi qurmaq, ölkənin potensialını daha da irəli aparmaq və ortaq məqamlar üzrə addımlamaq istəyindədir.

Səfirin sözlərinə görə, Türkiyə İqtisadiyyat nazirinin bu ilin ilk rübündə Bakıya səfəri zamanı bir çox iş birliyi imkanları müzakirə edilib ki, buna misal kimi Azərbaycan və Türkiyənin hər hansı bir üçüncü ölkəyə investisiya qoyması məsələsi olub.

Keçən il 600 mindən çox azərbaycanlı turistin Türkiyəni ziyarət etdiyini, Türk Hava yollarının (THY) Azərbaycana, AZAL-ın isə Türkiyəyə səfərlərini artırdığını qeyd edən diplomat “Türkiyədə nə varsa Azərbaycanın xidmətində, Azərbaycanın potensialı isə Türkiyə üçün əl çatan olmalıdır” - deyə qeyd edib.

Bu il Azərbaycana təyin olunmasının 3 ilinin tamam olduğunu qeyd edən türkiyəli diplomat onu da vurğulayıb ki,Türkiyə-Azərbaycan münasibətlərinin bənzərsiz tarixi var: "Biz Azərbaycanın dahi şairi Bəxtiyar Vahabzadənin dediyi kimi - bir ananın iki övladıyıq”.

Səfirin sözlərinə görə, ökələr arasında bir çox sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir: "Ticarətimiz 5 milyard dollara yüksəlib. Azərbaycan və Türkiyə ikitərəfli əlaqələrini müxtəlif sahələrdə möhkəmləndirdikləri kimi, Gürcüstan, İran və Türkmənistan kimi ölkələrlə də, üçtərəfli formatda işbirliyi həyata keçirməyi bacarıb”.

Səfir sonra qeyd edib ki, Azərbaycan və Türkiyə hərbi sahədə də əməkdaşlıq edir: “Türkiyə olaraq hər zaman Azərbaycanın hədəflərinə necə dəstək verməyi düşündük. Azərbaycan NATO standartlarına tez bir zamanda çatmağı hədəfləyir. Türkiyə də NATO təcrübəsini Azərbaycana təlqin etməyə çalışır. Əslində, çox istərdik ki, ordunun üzərinə böyük vəzifə düşməsin. Amma bu da faktdır ki Azərbaycan torpaqları işğal altındadır, Türkiyə isə terror təhdidi ilə üz-üzədir. Dolayısıyla, silahlı qüvvələrimiz hər cür təhlükəyə hazır olmalıdırlar”.

Bu il Azərbaycan və Türkiyədə parlament seçkilərinin eyni gündə keçiriləcəyinə münasibət bildirən səfir qeyd edib ki, parlament seçkilərinin nəticəsindən asılı olmayaraq Azərbaycan və Türkiyə münasibətləri dəyişməyəcək.

Səfirin sözlərinə görə, bu il iki qardaş ölkədə də eyni vaxtda parlament seçkiləri keçirildiyindən əvvəlki illərdən fərqli olaraq Türkiyədən Azərbaycana daha az müşahidəçi gələcək.

Türkiyədə parlament seçkilərinin yaxınlaşdığını və ölkədə seçim atmosferinin daha da artdığını qeyd edən diplomat siyasi partiyalar arasında müxtəlif düşüncə və görüşlərin olmasına rəğmən, onların hamısında Türkiyənin böyük potensiala sahib olması düşüncəsinin olduğunu bildirib: "Türkiyənin uzun illərdən bəri qazandığı bir demokratik təcrübə var və bunun sayəsində, ölkənin istiqrar və inkişaf tempini qoruyub saxladığını görmək olar. Bu isə öz növbəsində, həm Türkiyənin, həm də regionun mənafeyinə xidmət edəcək”.

Səfir sonda qeyd dib ki, terror təhdidlərinə baxmayaraq, seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün dövlət əlindən gələn hər şeyi edir.


Müəllif:

Oxşar xəbərlər