Elşən Mustafayev: “Qurultayın günü təyin olunandan sonra namizədlər adlarını açıqlayacaqlar”
“Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yeni qurultayının keçirilməsinə Yusif Bağırzadə istefa verməzdən qabaq qərar verilmişdi”.
Bu fikirləri Teleqraf.com-a AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev deyib.
O, qurultayın keçirilməsi ilə bağlı dəqiq tarixin bəlli olmadığını söyləyib: “Qurultayın keçirilməsi ilə bağlı bütün texniki işlər, demək olar ki, yekunlaşıb və onun gününün təyin edilməsi ilə bağlı elə bir problem yoxdur. Lakin yaranmış yeni situasiyaya uyğun olaraq bütün proseslərin bir daha nəzərdən keçirilməsinə ehtiyac yaranıb. Eyni zamanda hazırda bütün rayon təşkilatları ilə qurultayın keçirilmə vaxtı və digər məsələlərlə bağlı məsləhətləşmələr aparılır. Bu proseslər və bəzi logistik məsələlər yekunlaşandan sonra rəylər nəzərə alınaraq qurultayın vaxtı təyin oluncaq. Siyasi Şuranın tövsiyəsidir ki, rayon təşkilatları ilə bir daha məsləhətləşmələr aparılsın. AMİP hər zaman qurultayını möhtəşəm və yüksək təşkilatçılıqla keçirib və qurultaylar təkcə seçkili orqanlara seçkilərlə yekunlaşmayıb. Orada partiyanın növbəti illər üçün fəaliyyət istiqamətləri, istər partiya, istərsə də ölkə əhəmiyyətli ciddi sənədlər qəbul edilib Xüsusilə də, indiki həssas durumda ölkə və regionda baş verən hadisələr fonunda bu məsələlər ciddi ölçülüb-biçilməlidir. Düşünürəm ki, yaxın zamanlarda qurultayın vaxtı ilə bağlı məsələlərə aydınlıq gətiriləcək”.
AMİP funksioneri hələ heç kimin partiyada sədrliyə iddasını irəli sürmədiyini vurğulayıb: “Bu da təbiidir. Çünki qurultayın günü təyin olunandan sonra namizədlər adlarını açıqlayacaqlar”.
E.Mustafayevin fikrincə, sədrin istefası partiyanın fəliyyətinə hər hansı təsir göstərməyib: “Bütün strukturlar öz işlərinin başındadır. Nizamnaməyə görə, müəyyənləşmiş vəzifə bölgüləri belə hallarda partiyanın çevik fəaliyyətinə hər zaman yardım edib. Eyni zamanda yenə də nizamnaməyə görə, partiyanın baş katibinin səlahiyyətləri son dərəcə genişdir və onun partiyanı təmsil etmək hüququ var. Əlavə olaraq sədr səlahiyyətləri də bu gün onun üzərindədir”.
Səhhətindəki problemlərlə bağlı partiyadan istefa verən AMİP-in keçmiş sədri Yusif Bağırzadə ilə istefasından sonra əlaqə saxlandığını deyən E.Mustafayev qeyd edib ki, o, istefa səbəblərini mətbuata verdiyi kimi izah edib: “Hazırda bizdə olan məlumata görə, Yusif Bağırzadə həm burada, həm də ölkə xaricidə intensiv müalicə kursu keçir və biz də öz növbəmizdə ona can sağlığı arzu edirik”.
“Yeni sədr seçkisi ilə bağlı AMİP lideri Etibar Məmmədov ilə məsləhətləşmisinizmi” sualına isə beynəlxalq əlaqələr katibi belə cavab verib: “AMİP lideri partiyanın gündəlik idarəetməsində iştirak etməsə də, partiya rəhbərliyinin vaxtaşırı onun məsləhətlərinə ehtiyacı olub və olacaq. Təbii ki, müəyyən məsələlərlə bağlı onun tövsiyələrini alırıq”.
NƏRGİZ