Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin sabiq birinci müavini Vyaçeslav Trubnikov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Martın 10-11-də Bakıda keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.
Qeyd edək ki, V.Trubnikov 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru, 2000-2004-cü illərdə Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb. Eyni zamanda, 2004-2009-cü illərdə Rusiya Federasiyasının Hindistandakı fövqəladə və səlahiyyətli səfiri olub. V.Trubnikov hal-hazırda Y.Primakov adına Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutunda baş elmi işçi, Rusiya Federasiyasının Siyasi Araşdırmalar Mərkəzinin Ekspert-Məşvərət Şurasının üzvüdür.
Səxavət