"Bu, Azərbaycanın ən ağır anlarda Türkiyənin yanında olmasının göstəricisidir"
“Azərbaycan Prezidentinin Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış etməsi iki ölkə arasındakı qardaşlıq və müttəfiqlik münasibətlərinin parlaq sübutudur”.
Bunu Teleqraf.com-a açıqlamasında Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
F.Sadıqov qeyd edib ki, bu, şübhəsiz, siyasi addımdır və Azərbaycanın ən ağır anlarında Türkiyənin yanında olmasının göstəricisidir: “Düşünürəm ki, bunu həm Türkiyə siyasi elitası, həm də Türkiyə xalqı yaxşı başa düşür. Dövlət başçımız bu addımla təkcə Türkiyəyə deyil, digər ölkələrə də bəyan edir ki, biz Türkiyə ilə qardaşlıq münasibətlərimizi inkişaf etdirəcək, genişləndirəcək və bu, əbədi bir müttəfiqlikdir”.
Müsahibimiz bildirib ki, burada diqqət çəkən digər bir məqam da var: “Dövlət başçısı bu addımla Türkiyədə törədilən terror aktlarının arxasında dayanan digər qüvvələrə də müəyyən bir mesaj verir ki, teraktların törədilməsinə baxmayaraq, biz Türkiyəni tək qoymayacaq, onun yanında olacaq və ona hər bir köməkliyi etməyə hazırıq”.
Politoloq Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından gözləntilərinin nədən ibarət olmasına dair sualımıza cavab olaraq deyib ki, strateji əməkdaşlıq bir sıra istiqamətləri əhatə edir: “Bura siyasi əlaqələr, iqtisadi münasibətlər, hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi, müxtəlif istiqamətlərdə münasibətlərin dərinləşdirilməsi və bundan sonrakı dövr üçün planlaşdırılmanın aparılması daxildir. Düşünürəm ki, yaranmış vəziyyətdə, geosiyasi gərginlik fonunda Türkiyə ilə Azərabycan arasında strateji əməkdaşlığa böyük ehtiyac var. Mənə elə gəlir ki, iclas zamanı bir sıra məsələlərə aydınlıq gətiriləcək və müəyyən tədbirlərin planlaşdırılması da gözlənilə bilər”.
Səxavət HƏMİD