8 Aprel 2016 10:50
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti Klaudio Kajado Deputatlar Palatasının plenar iclasında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması ilə əlaqədar çıxış edib.

Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə, K.Kajado son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin dərinləşməsi zamanı Azərbaycanın mülki əhalisinin hədəfə alınmasından dərin narahatlığını bildirib. O vurğulayıb ki, bu münaqişənin heç bir tərəfə fayda gətirmədiyi aydındır.

Dostluq qrupunun prezidenti deyib: “Braziliyada məlumatlıyıq ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin davam etməsinə və artmasına əsas səbəb olaraq qalır və regionda sülhə, sabitliyə təhlükə yaradır.

Vurğulamaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Bu qətnamələr ən qısa zamanda icra olunmalıdır”.

Bundan başqa, aprelin 4-də Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio de Janeyro Şəhər Şurasının xarici əlaqələr komissiyasının sədri Sezar Maya Ermənistan tərəfindən atəşkəsin pozulması ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir: “Təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatları qınayırıq. Biz hamımız bilirik ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır. İyirmi ildən çoxdur ki, Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistanın işğalı altındadır və bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Təəssüflər olsun ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və həmin dövrdə Braziliyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman dəstəklədiyi 4 qətnamənin icrasına məhəl qoymur. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyət öz səylərini səfərbər edərək Ermənistana həmin qətnamələri icra etməsi üçün təzyiq göstərməlidir.

Baş verənlərlə əlaqədar olaraq, Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”.


Müəllif:

Oxşar xəbərlər