11 Aprel 2016 18:21
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın törətdiyi son təxribatlar və Azərbaycan Ordusunun layiqli cavabı bütün təfərrüatları ilə Avropa Şurası Parlament Assambleyasında qaldırılacaq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yaz sessiyasının aprelin 18-də “Dağlıq Qarabağ münaqişəsinin son və faciəvi eskalasiyası” mövzusunda keçiriləcək müzakirələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, problem ancaq açıq plenar iclaslarda deyil, eyni zamanda siyasi qruplarda, ayrı-ayrı komitələrdə, o cümlədən monitorinq komitəsində, hüquqi işlər və insan haqları komitələrində qaldırılacaq: “Biz erməni təxribatının qarşısını alsaq da, onları yerində oturtsaq da, şəhidlər vermişik. Ermənistan həm də Naxçıvan, Qazax səmtində təxribat cəhdləri edib. Bütün bunlar AŞPA-da qaldırılacaq ki, o ölkəyə qarşı təzyiq mexanizmləri bir qədər də gücləndirilsin”.

Deputat xatırladıb ki, Azərbaycanın 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasında həqiqi üzv qəbul olunmasından bəri nümayəndə heyəti üçün başlıca mövzu Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi və bununla əlaqədar yaranan digər fəsadlar barədə müxtəlif çıxışlar hazırlamaq, sənədlər təqdim etməkdir: “Biz Azərbaycanın ayrı-ayrı problemlərini, eləcə də ümumavropa məsələlərini qaldırıb onlar ətrafında fikir mübadilələri aparırıq. Amma Ermənistanın Azərbaycana təcavüzü bizim birinci dərəcəli mövzumuz olub. Hətta bəzən gündəliklə bununla bağlı birbaşa məsələ olmayanda tamam ayrı istiqamətdə gedən mövzular ətrafındakı çıxışlarımızda da Dağlıq Qarabağ məsələsini qaldırırıq.

İstisna deyil ki, AŞ PA-nın yaz sessiyasında da başqa məruzələrin müzakirəsi zamanı da yenə öz problemlərimizdən danışacağıq. Suriyadan olan qaçqın və miqrantların problemləri ilə bağlı ayrıca məruzələrin müzakirələrində şəxsən iştirak edib o məsələyə münasibət bildirəndən sonra öz qaçqınlarımızdan da söz açacağam”.

Rafael Hüseynov deyib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında son aylarda gərginliyin artırılması halları yaşanır. O xatırladıb ki, ötən sessiyada bununla bağlı Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” mövzusundakı məruzəsi gündəliyə çıxarılmışdı: “Lakin erməni lobbisi və onları dəstəkləyən digər qüvvələr, o cümlədən qeyri-konstruktiv mövqe tutan ATƏT-in Minsk qrupu o məruzənin təsdiqinə ciddi əngəllər yaratdı.

Doğrudur, Azərbaycanın mənafeyini və həqiqətin mahiyyətini ifadə edən Sərsəng su anbarı ilə əlaqədar Milisa Markoviçin “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzəsi qəbul edildi və Ermənistanın işğalçı mahiyyəti orada da göstərildi.

Ancaq Robert Volterin hazırladığı məruzədə bir sıra başqa təfərrüatlar vardı və məsələ daha qabarıq qoyulurdu.

Bunun qarşısını almaq istiqamətində erməni lobbisi öz işini gördü və ATƏT də Avropa Şurasına təsir göstərən mövqe tutdu. Ona görə məruzə kənarda qaldı. Amma son hadisələr göstərdi ki, nə qədər ciddi səhv ediblər. O məruzə AŞPA-da qəbul olunsaydı və qətnamə layihəsinin icrası istiqamətində addımlar atılsaydı, bəlkə də, bu qədər ölümlərlə nəticələnən, bu qədər faciələrə bais olan hadisələr də cərəyan eləməzdi”.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər