19 Aprel 2016 17:30
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikası parlamentinin sədri Əli Laricani ilə görüşüb.

Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Oqtay Əsədov bütün sahələrdə əməkdaşlığın sürətlə inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb.

Azərbaycan parlamentinin sədri iranlı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağda münaqişəsi barədə məlumat verərək bildirib ki, Ermənistan tərəfi hər gün atəşkəsi pozaraq Azərbaycan kəndlərinin dinc əhalisini atəşə tutur. Beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb.

Təmas xəttində son hadisələrdən danışan Oqtay Əsədov vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistan tərəfinin təcavüzünə layiqli cavab verib. Beynəlxalq vasitəçilərin, ilk növbədə Rusiya tərəfinin təklifi ilə hərbi əməliyyatlar dayandırılıb və münaqişənin dinc yolla həlli üçün danışıqlar aparılır.

İran parlamentinin sədri qeyd edib ki, Azərbaycan ilə iqtisadi, siyasi və mədəni sahələrdə çox yaxşı münasibətlər qurulub. O, Azərbaycan, İran və Rusiya, habelə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında keçirilmiş görüşlərin nəticələrini yüksək qiymətləndirib.

Ticari-iqtisadi münasibətlərin, banklar arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmin yarandığını deyən İran parlamentinin sədri Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar İran hakimiyyətinin narahatlığını ifadə edib.

Söhbət zamanı Azərbaycan və İran parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər