Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov aprelin 18-dən başlayan və üç gündür davam edən yaz sessiyasının gedişatı barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, Elxan Süleymanov bildirib ki, yaz sessiyası son vaxtlar Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaşayan mülki vətəndaşlara hücumlarının artmasından sonra keçirilən ilk AŞPA sessiyası idi: “Bu günlərdə Ermənistanın təbliğat maşını, beynəlxalq ictimaiyyətin diqqətini real problemdən – Azərbaycan ərazisinin Ermənistan tərəfindən qanunsuz silahlı işğalının davam etməsi faktından yayındırmağa ümid edərək, bütün media qurumlarında həddindən artıq fəal işləyir və absurd ittihamlarla Azərbaycana hücumlar edirdi.
Ermənistan tərəfindən süni şəkildə siyasi gərginlik yaradılmışdı və onlar Azərbaycanın müsbət imicini dağıtmaq və işğal edilmiş ərazilərdə gedən son əməliyyatlara dair həqiqəti təhrif etmək məqsədilə Strasburq siyasi səhnəsində tammiqyaslı siyasi hücumlar hazırlamışdılar. Bu məqsədlə fransızların lideri və erməni lobbiçisi Rene Ruke “Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin faciəvi alovlanması”nı müzakirə etmək üçün cari müzakirə müraciətini irəli sürdü.
Azərbaycan nümayəndə heyəti bu təklifə cavab olaraq, oxşar, lakin düzgün ifadə formasında “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın faciəvi şəkildə artması” mövzusunu irəli sürdü. Bu düzgün ifadə forması Ermənistanın qəzəbinə səbəb oldu və Ermənistan nümayəndə heyəti “Dağlıq Qarabağa qarşı son təcavüz zamanı Azərbaycanın törətdiyi müharibə cinayətlərı” adlı üçüncü absurd və ekstremist təklifi irəli sürdü. Deputatlar AŞPA-da geniş müzakirənin keçiriləcəyini yerli Ermənistan mətbuatında elan etmişdilər.
Onlar tezisləri üçün tam dəstək səfərbər etdiklərinə və indi Azərbaycanın nüfuzunun qəti və ictimai şəkildə puç ediləcəyinə öz auditoriyalarını əmin etmişdilər. Mənə aydın oldu ki, Azərbaycan bu şəraitdə belə təhqiredici müzakirə aparmaq marağında deyil. Bu səbəbdən mən bu məsələyə dair bütün müzakirə müraciətlərinin geri götürülməsini müdafiə etdim. Aprelin 18-də Büro bu debatların mümkünlüyünü müzakirə etdi. Qısa, lakin gərgin müzakirədən sonra təklif səsə qoyuldu. Azərbaycan tam qələbə qazandı, belə ki, Büro bu sessiyada Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərlə bağlı bütün müzakirələri təxirə salmaq barədə, bir səs istisna olmaqla, yekdil qərar verdi".
O, erməni deputatın AŞPA Monitorinq Komitəsinin iclasındakı çıxışına da toxunub: “Ermənistan nümayəndəsi aprelin 19-da AŞPA Monitorinq Komitəsinin iclasında bildirdi ki, 1-5 aprel hadisələri Dağlıq Qarabağ və yerləşdiyimiz digər ərazilərdə azad, dinc və xoşbəxt həyatımızı pozdu. Bu sözlər ATƏT-in Minsk Qrupunun Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanması və ermənilərin bu torpaqlarda xoşbəxt həyatlarını təmin etmək üçün yaradıldığını bir daha təsdiqləyir, eyni zamanda Ermənistanın ATƏT-in Minsk Qrupunun himayəsinə sığınma səbəbini açıq-aydın ifadə edir.
Ermənistanın bu təşəbbüsü əbəs yerə edilmiş bir cəhd idi, bu səbəbdən heç kəsin diqqətinə layiq deyil. Mövqeyimiz yanvar ayında Assambleyadakı qətnamədə rəsmi qəbul edilib və beləliklə, Avropa Şurası Parlament Assambleyasının rəsmi mövqeyini əks etdirir. Ermənilərin nə qədər xoşuna gəlməsə də, yaxşı olar ki, bununla yaşamağa öyrəşsinlər”.
Elxan Süleymanov AŞPA-nın Monitorinq Komitəsi Avstriyadan cənab Şennaka əlavə olaraq Azərbaycan üzrə yeni həmməruzəçi - Rumıniyadan Sezar Predanın təyinatına da münasibətini bildirib: “Cənab Sezar Predanın yeni həmməruzəçi təyin olunması barədə qərar yekdilliklə qəbul olundu. Bu təyinatdan dərhal sonra cənab Şennak 5-9 aprel 2016-cı il tarixlərində Azərbaycana faktaraşdırıcı səfəri barədə Monitorinq Komitəsinə şifahi məruzəsini təqdim etdi. O, Bakıya aprelin 5-i gəldiyindən, çıxışı zamanı vurğuladı ki, AŞPA aprelin 2-dən 5-nə kimi cəbhə xəttində baş verən əməliyyatların real vəziyyətindən tam xəbərdardır”.
Nərgiz