2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 3 təmsilçisi mübarizə aparacaq. Əvvəlcə güllə atıcısı Ruslan Lunyov silahını hədəfə tuşlayacaq.
O, 25 metr məsafədən sürətli atış üzrə ikinci təsnifat mərhələsində qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 16:00-da başlanacaq yarışı uğurla tamamlayacağı halda, Lunyov saat 19:30-da final mərhələsinə də qatılacaq. 28 yaşlı atıcı ötən gün keçirilmiş ilkin mərhələdə 288 xalla 14-cü yeri tutub.
Saat 19:00-dan etibarən qadın velosipedçi Olqa İsmayılova keyrin növündə ilkin mərhələ yürüşündə çıxış edəcək. Onun rəqibləri Lisandra Querra Rodriges (Kuba), Sandi Kler (Fransa), Şennon Makkörli (İrlandiya), Simona Krupekkayte (Litva), Elis Liqtli (Hollandiya) və Lyubov Basova (Ukrayna) olacaq. Ümumilikdə 27 iştirakçı 3-də 7, birində isə 6 nəfər olmaqla 4 qrupa bölünəcək (6+7+7+7=27). Hər qrupda finiş xəttini ilk olaraq keçən 2 velosipedçi (8 nəfər) yarımfinalda iştirak hüququ əldə edəcək, uduzanlar isə (19 nəfər) yenidən 4 qrupa bölünəcək (4+5+5+5=19) və təsəlliverici yürüşdə mübarizə aparacaqlar. Bu dəfə yalnız hər qrupun qalibi (4 nəfər) yarımfinalın 8 iştirakçısına qoşulacaq.
Yarımfinal mərhələsində iştirak hüququ əldə edən 12 nəfər hər birində 6-sı olmaqla 2 qrupa bölünəcək. Hər yarımfinal yürüşündə ilk 3 yeri tutmuş velosipedçi (cəmi 6 nəfər) əsas finala vəsiqə qazanmaqla mükafatlar uğrunda mübarizə parmaq şansı əldə edəcək, uduzanlar isə 7 - 12-ci yerlər uğrunda yarışacaqlar.
İkinci mərhələ saat 23:22-də, final yürüşü isə 00:27-də başlanacaq.
Nəhayət, gecə saat 02:45-də boksçu Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində qazaxıstanlı İvan Dıçko ilə 1/8 final döyüşünə çıxacaq.
\Report\