Sentyabrın 3-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının ikinci turu keçirilib.
Teleqraf.com xəbər verir ki, Olimpiadanın ikinci turunda Azərbaycanın kişilərdən ibarət birinci komandası Makedoniya yığmasını məğlub edib. Əsas komandamız bütün partiyaları qələbə ilə başa vurub. “Azərbaycan 2” komandası isə Litva yığmasını məğlubiyyətə uğradıb. Dörd qarşılaşmadan üçü şahmatçılarımızın qələbəsi ilə başa çatıb. Bir partiya isə heç-heçə nəticələnib. Kişilərdən ibarət üçüncü komandamız isə güclü Belarus şahmatçılarına məğlub olublar – 0,5:3,5.
Azərbaycanın qadın şahmatçılardan ibarət əsas komandası meksikalı rəqiblərini məğlub edib – 2,5:1,5. İkinci yığma komandamız 2,5:1,5 hesabı ilə Monqolustana qalib gəlib. Üçüncü komandamız isə eyni hesabla Türkiyə millisinə məğlub olub.
Kişilərin yarışının favoritlərindən olan Rusiya Türkmənistanı 4:0, ABŞ şahmatçıları şotlandiyalı rəqiblərini 3,5:0,5 hesabı ilə məğlub edib. Çin komandası Belçikadan (3,5:0,5), Ukrayna isə Albaniyadan (3,5:0,5) üstün olub.
Qadınların mübarizəsində favoritlərdən Çin komandası Monteneqronu (4:0), Ukrayna yığması isə Moldovanı (3,5:0,5), Rusiya şahmatçıları Ekvadoru (4:0), Hindistan isə Braziliyanı (3:1) məğlub edib.
Xatırladaq ki, Olimpiadada rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışında isə 142 milli komanda mübarizə aparır.