“Barselona”nın və Braziliya millisinin hücumçusu Neymarın sabiq sərmayəçisi Delsir Sonda braziliyalı futbolçunu “xain” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Neymarın “Barselona” klubunun yardımıyla cinayət işlədiyini deyib:
“Neymara inanmışdım. Peşəkar futbolçu olmamışdan öncə ona sərmayə qoydum. Neymara və atasına London və Qüdsə tətil üçün bilet də almışdım. Ancaq daha sonra məni tanımadığını dedi. Belə şey necə ola bilər? Məni arxadan bıçaqladılar.
Bir oyunçunu məhkəməyə verəcəyim ağlıma da gəlməzdi. Lakin Neymar və atası mənə xəyanət etdi”.
Xatırladaq ki, Sonda Neymarın “Santos”dan “Barselona”ya transferindən 40 faiz almalı olduğuna görə futbolçunu məhkəməyə vermişdi.