Teleqraf.com xəbər verir ki, mayın 17-dək davam edəcək yarışların ilk günündə kişilər və qadınlar arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş, o cümlədən kişilərin və qadınların səngər stendi, 25 metrdən tapança ilə atəşaçma yarışları keçirilir.
Kişilər arasında 25 metrdən tapançadan mərkəzə atış yarışının təsnifat mərhələsində Azərbaycanı Ruslan Lunev təmsil edir. Azərbaycan idmançılarından Şəfəq Əmrahova və Aydan Camalova isə qadınlar arasında səngər stendi yarışının təsnifat mərhələsində mübarizə aparır. Kişilər arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş açmaq yarışının təsnifat mərhələsində Azərbaycanı Əli Məcidli təmsil edir.
Xatırladaq ki, atıcılıq ilk dəfə Olimpiya Oyunlarının proqramına 1896-cı ildən daxil edilib. 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Zemfira Meftahətdinova qızıl medal qazanıb.
Bu gün həmçinin Bakı 2017 çərçivəsində cüdo, karate, üzgüçülük üzrə yarışlara da start verilib.
Cüdo yarışlarında ölkəmizi kişilər arasında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov təmsil edəcəklər. Qadınlar arasında isə ölkəmizi Aişə Qurbanlı, Nəzakət Əzizova, Kifayət Qasımova və Xanım Hüseynova təmsil edəcəklər.
Karate yarışlarında Azərbaycandan 6 idmançı mübarizə aparacaq. Karate yarışları Bakı İdman Zalında keçirilir. Bu yarışlarda ölkəmizin idman şərəfini Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abıyeva, Firdovsi Fərzəliyev, Niyazı Əliyev və Rafael Ağayev qoruyacaq.
Üzgüçülük üzrə yarışlarda isə ölkəmizi qadınlar arasında Fatimə Əlkərimova, İlahə Raciyeva və Alsu Bayramova, kişilər arasında isə ölkəmizi Boris Kirilov, Nikolay Trarov, Dorian Fazekas, Vəli İsrafilov, Dmitriy Saley, Yevgeniy Lazuka və Maksim Şemberyov təmsil edəcəklər.
Kəmalə