Məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Samtredia"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis rəqibə də təşəkkür edib: "5:0 hesablı məğlubiyyətdən sonra da meydanda bu gün xarakter göstərdilər. Düşünürəm ki, bu futbolçularla "Samtredia” yaxın illərdə Gürcüstanın ən yaxşı komandalarından biri olacaq".
Q.Qurbanov jurnalistlərin digər suallarını da cavablandırıb.
- Mətbuatda Nikaraqua millisinin futbolçusu ilə danışıqlar apardığınız yazılır. Hətta onu 400 min avroya transfer etmək istədiyiniz də deyilir. Bu məsələyə fikrinizi bildirərdiniz.
- Əvvəl də demişdim ki, transferlər etmək istəyirik. Bir neçə oyunçu ilə danışığlarımız gedir. Lakin siz dediyiniz futbolçu haqda məlumatım yoxdur.
- Layiqli qələbə qazandınız. Qeyd etdiniz ki "Samtredia” meydanda xarakter göstərdi. Siz "Samtredia”nın hansısa futbolçusunu "Qarabağ”da görmək istəyirsinizmi?
- Komandanın oyun üslubunu bəyəndim. Bildiyim qədərilə çox da uzun müddət bir yerdə olan kollektiv deyil. Buna baxmayaraq, topla çox yaxşı davranırlar. Ancaq transfer siyahımızda bu komandadan hər hansı bir futbolçu yoxdur.
- "Kukesi”, yoxsa "Şerif” və nəyə görə?
- Əfsuslar olsun ki, bu suala cavab verə bilmərəm. Kim layiqdirsə, növbəti mərhələyə yüksələcək. Biz sadəcə, rəqibimizi gözləyirik...
- Bu gün öyrəşdiyimiz "Qarabağ”ı meydanda görmədik. Bu, komandanın tam hazır olmamasıyla bağlı idi, yoxsa başqa səbəbə görə?
- Bizim zəif oyunlarımız az olmayıb. Futbol elə oyundur ki, zəif də ola bilərik, məğlub da ola bilərik. Qələbələrimizi isə çox böyütmək istəmirəm. Hələlik kiçik addımlarla irəliləyirik. Klub olaraq bizim də problemlərimiz var. Hazırda futbolçularımdan tam gücü ilə oynamasını tələb edə bilmərəm. Onların bir-birinə uyğunlaşması üçün hələ vaxt lazımdır. (Qol.az)