Bakıda Milli Gimnastika Arenasında batut və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, həmçinin aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatına start verilib.
Teleqraf.com-un məlumatına görə, yarışların ilk günündə - noyabrın 23-də tamblinqçilər mübarizəyə başlayacaqlar, daha sonra meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər (24-25 noyabr).
Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.
Əsl gimnastika bayramına çevriləcək 4 günlük turnirdə aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatına yerli gimnastlarımızla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançıların qatılacağı gözlənilir. Onlar fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramlarında 5 yaş kateqoriyası (2009-2010, 2006-2008, 2003-2005, 2000-2002, 1999 və daha böyük) üzrə mübarizə aparacaqlar.