Noyabrın 24-də futbol üzrə Türkiyə Superliqasının XIII turunda turnir cədvəlində yeddinci pillədə yer alan “Beşiktaş” komandası səfərdə “Ankaragücü” ilə qarşılaşıb.
Matçda İstanbul təmsilçisi 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesab 23-cü dəqiqədə Adəm Ljajicin vurduğu qolla açılıb - 1:0. İyirmi yeddinci dəqiqədə Mustafa Pektemek hesab arasındakı fərqi ikiyə çatdırıb. Qonaq komandanın daha bir qolunu 44-cü dəqiqədə Güvən Yalçın vurub.
Fasilədən sonra meydan sahibləri qollardan birinin əvəzini çıxıblar. Paytaxt komandasının heyətində Mostafa El Kabir 86-cı dəqiqədə fərqlənib - 3:1. Bundan iki dəqiqə sonra Oğuzhan Özyakup sonuncu qolu rəqib qapısından keçirib.
Bu qalibiyyətdən sonra hesabındakı xallarının sayını 21-ə çatdıran Şenol Günəşin komandası rəqib “Ankaragücü”nü qabaqlayaraq turnir cədvəlində beşinci pilləyə yüksəlib.
Xatırladaq ki, çempionluq uğrunda yarışan komandalardan “Qalatasaray” dünən öz meydanında “Konyaspor”u məğlub edə bilməyib – 1:1.
Sabah maraqla gözlənilən qarşılaşmalardan “Trabzonspor” – “Fənərbağça” görüşü olacaq.
Tura noyabrın 26-da keçiriləcək “Göztəpə” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.
On üç turdan sonra “Başakşəhər” komandası 27 xalla çempionatın vahid lideridir. Hesabında 24 xal olan “Qalatasaray” ikinci sırada qərarlaşıb. 22 xal toplayan “Kasımpaşa” üçüncü pillədədir.