AFFA İntizam Komitəsinin bu gün növbəti iclası olub.
Teleqraf.com xəbər verir ki, Premyer Liqanın XIII turunun ən qalmaqallı – “Sabah” – “Neftçi” matçı ilə bağlı qərarlar açıqlanıb.
33-cü dəqiqədə qonaqların müdafiəçisi Tural Axundov və 84-cü dəqiqədə fransalı hücumçu Baqaliy Dabo ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Həmçinin 70-ci dəqiqədə “Sabah”ın braziliyalı futbolçusu Vanderson Silva da ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün eyni cəzanı alıb.
Ən böyük cəza isə “Neftçi” klubunun idman direktoru Ceyhun Sultanova kəsilib. Millimizin sabiq futbolçusu Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə on oyunluq cəzalandırılıb. “Neftçi” isə 16000 manat cərimə olunub.
“Neftçi” klubunun azarkeşlərinin olduğu “Əlincə Arena”nın sektorunda oturacaqlar sındırılıb. “Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.
I divizionun XII turunun “Zaqatala” – MOİK matçının 33-cü dəqiqəsində Bakı klubunun futbolçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyinə görə üç oyun cəzalandırılıb, klub 160 manat cərimə olunub.
U-13 Liqasının “Hacıqabul Şərq” – “Ağsu” matçında qonaq komandanın baş məşqçisi Sönməz Quliyev və U-12 Liqasının “Neftçi” İK İB – “Sahil” FA matçında meydan sahiblərinin baş məşqçisi Tural Kərimov hakimi təhqir etdiklərinə görə üç oyunluq cəzalanıb.
Yüksək qızlar Liqasının “Zaqatala” – “Qəbələ” matçında meydan sahiblərinin heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Oyunun 44-cü dəqiqəsində “Zaqatala”nın məşqçisi Ceyhun Zurabov hakimi təhqir etdiyinə görə üç oyunluq cəza alıb.