"Bizim məqsədimiz qrupda birinci olmaq idi. Bunu da bacardıq. Lakin "Qarabağ"a hörmətlə yanaşırıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Ağdam klubu ilə görüşdə daha çox gənc futbolçulara şans vercəyini bildirib: "Bəzi gənc futbolçularla oynayacağıq. Hansı ki, onların 23 yaşı tamam olmayıb. Loran Koselni də sabah meydanda olacaq. Uzun müddət zədədən əziyyət çəkdiyi üçün oyun təcrübəsi qazanmasını istəyirəm. Onun fiziki formasını görməliyik ki, həftə sonu "Sauthempton"la Premyer Liqa matçında meydana çıxıb-çıxmayacağına qərar verə bilək".
Emeri komandanın liderlərindən olan Məsut Özilin sabahkı görüşdə meydanda olacağını da qeyd edib: "Özil komanda ilə birlikdədir. 18-likdə yer alacaq. Ancaq meydana ilk dəqiqədən və ya sonra daxil olacağına qərar verəcəyik".