"Arsenal" futbol klubu öz yarım-müdafiəçisi Henrix Mxitaryanın təhlükəsizlik məsələləri səbəbindən Bakıya getməmək qərarından sonra UEFA ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, klubun icraçı direktoru Vinai Venkatesham bu vəziyyət "qəbuledilməz" adlandırıb.
Venkatesham Mxitaryanın oyuna getməyəcəyi barədə UEFA-ya məktub yazıldığını bildirib.
"Biz mövqeyimizi UEFA-ya açıq bildirdik - onlara məktub yazdıq. Həmçinin, finaldan sonra onlarla üz-üzə oturub bunun qəbuledilməz olmasını, bir daha "Arsenal" və yaxud da başqa birisinin başına gəlməməsi üçün nə etməyi izah edəcəyik".
30 yaşlı erməni əslli futbolçunun Bakıya gəlməyəcəyini şərh edən AFFA-nın rəhbəri Elxan Məmmədov "siyasətin idmandan kənar qalmasına" inandığını deyib.
Elxan Məmmədov deyib ki, təhlükəsizlik baxımından heç bir problem ola bilməz.
"Hökumət və yerli təşkilat komitəsi adından UEFA və kluba bütün zəmanətləri vermişik, lakin zənnimcə, bu futbolçunun ailəsi ilə birlikdə verdiyi şəxsi qərar idi".
"Arsenal"ın rəhbəri Unai Emery deyib: "Mxitaryan komanda ilə birgə çıxış etmək istəyir. Lakin o, ailəsilə danışıb və getməmək qərarına gəlib. Bu çox şəxsi bir qərardır. Mən ona hörmət edirəm. Mən siyasi problemləri başa düşmürəm, lakin onun qərarına hörmətlə yanaşmalıyam".
Azərbaycandan "ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti aldığını" deyən UEFA futbolçunun səyahət etməmək barədə şəxsi qərarına hörmətlə yanaşdığını deyib.