20 Sentyabr 2014 21:59
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olub.

Bu barədə müvafiq müqaviləni Azərbaycanın gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov imzalayıb.

Müqaviləyə əsasən, yarışlarla bağlı maarifləndirməni artırmaq məqsədilə ARDNŞ-ın yanacaqdoldurma məntəqələrində və ticarət nöqtələrində Bakı 2015 Avropa Oyunlarının loqotipi təsvir olunacaq. ARDNŞ İsveçrə, Gürcüstan, Rumıniya və Ukrayna daxil olmaqla digər dörd ölkədə həyata keçirəcəyi marketinq kampaniyaları sayəsində Avropa Oyunlarının qitə miqyasında təbliğ olunmasına da dəstəyini göstərəcək.

İmzalanma mərasimində çıxış edən gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib ki, Avropa Oyunları Azərbaycanı dünyanın digər ölkələrində təbliğ etmək üçün çox mühüm imkandır və bu cür yüksək dəyərə malik beynəlxalq şirkət tərəfindən dəstəyin göstərilməsi vacibdir: “Bakı 2015 Avropa Oyunları ərəfəsində ARDNŞ-ın və onun bütün işçi heyətinin tam dəstəyini almaqdan çox məmnunuq”.

ARDNŞ prezidenti Rövnəq Abdullayev Bakı 2015 Avropa Oyunlarına dəstək göstərməkdən qürur duyduqlarını vurğulayıb: “Çünki birinci Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük idman yarışları olacaq. İdman sahəsində sponsorluq etmək bizim üçün çox vacib məqamdır və ARDNŞ ölkənin tarixində baş verən və böyük maraq doğuran belə bir anın bir hissəsi olmaq şərəfinə nail olur. Avropa Oyunları özündən sonra uzunmüddətli müsbət dəyişikliyin əsasını qoyacaq və bu dəyişikliyin bir hissəsi olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik”.

ARDNŞ “P&G”, “Tissot”, BP və “Nar Mobile” şirkətlərindən sonra Bakı 2015 Avropa Oyunlarının beşinci rəsmi tərəfdaşı olub.

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki deyib ki, bir sıra yüksək səviyyəli beynəlxalq şirkətlərin dəstəyini almaq istənilən əsas idman yarışları üçün əhəmiyyət kəsb edir: “Bakı 2015-in yüksək keyfiyyətli tərəfdaşları I Avropa Oyunlarının gözəl keçəcəyinə səbəb olacaq”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq əlavə edib edib ki, Avropa Oyunlarının başlanmasına qalan günləri geri sayılır: “Belə bir vaxtda əksər böyük Azərbaycan şirkətlərinin idman vasitəsilə Avropanı birləşdirəcək belə innovativ yarışlara dəstəyi bizə böyük inam bəxş edir”.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

APA


Müəllif:

Oxşar xəbərlər