Niderland millisinin baş məşqçisi Ronald Kumanın İspaniya "Barselona"sının sükanı arxasına keçəcəyi dəqiqləşib.
Teleqraf.com-un məlumatına görə, bu barədə klubun prezidenti Jozep Bartomeu "Barsa TV"nin canlı efirində qonaq olarkən deyib.
O bildirib ki, Kike Setyenin istefaya göndərilməsindən sonra boşalan postu məhz 57 yaşlı mütəxəssis tutacaq.
"Barselona"nın kapitanı Lionel Messinin gələcəyi barədə də danışan Bartomeu bildirib ki, argentinalı hücumçu karyerasını Kataloniya klubunda başa vurmaq istəyir: "Tez-tez onun atası ilə əlaqə saxlayırıq. Messi bizim layihənin bir parçasıdır. Kuman yeni baş məşqçimiz olacaq. O, Messini komandanın aparıcı futbolçusu hesab edir".
Qeyd edək ki, Setyen UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına 2:8 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.