“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bildirib ki, ilk oyunlar bir az çətin keçir: "Buna baxmayaraq, hazırlığımız pis alınmayıb. Müəyyən problemlər var. Çalışacağıq ki, bunlar meydanda özünü göstərməsin. Sabah ən yaxşısını etməyə çalışacağıq.
Ən çox transferlərə zaman ayırırıq. Amma tam istədiklərimizi əldə etməmişik. Müzakirələr və axtarışlar davam edir. Asan deyil, bizdən asılı olmayan səbəblər var. Bəzi detallarda razılaşmışıq. Bəzən klublarla anlaşa bilməmişik. Biz peşəkar klubuq, əlimizdə olanların performansını saxlamaq istəyirik. Transfer məsələsi son vaxt dünya bazarında problemə çevrilib. Bu il bizə daha çox futbolçu almaq lazım idi. Bir neçə oyunçu komandanı tərk edib. Qarşıdakı vaxtlarda düşündüyümüz transferləri həll edəcəyik”.
Qurbanov yeni transfer Marko Veşoviç haqqında bunları diqqətə çatdırıb: “Onun zədəsi var idi. 6 ay oynamayıb. Mayda “Legiya”da və millidə matçlar keçirib. Ümumi durumu pis deyil. Yığmanın oyunlarından sonra fərdi məşq edib. Bu, bizə bir az narahatlıq verir. Sabah 18-likdə olacaq. Lazım gəlsə, ondan istifadə edə bilərik”.
Mütəxəssis rəqibi bacardıqları qədər təhlil etdiklərini sözlərinə əlavə edib: “Rəqibdə dəyişikliklər çox olub. Bəlkə sabah bizim düşündüyümüzdən fərqli oynaya bilərlər. Bu komandanın öz oyun üslubu var. Ondan əl çəkmirlər. Diqqətli müdafiə olunur və təhlükəli əks hücumlara çıxırlar. Sabah qalib gəlmək üçün futbolçulardan çox şey tələb olunur”.
Baş məşqçi azarkeşsiz futbolun maraqsız olduğunu bildirib: “Futbolçu daha çox azarkeşə görə oynayır. Fanatlar daim uğurlarımız üçün sevinir. Onların tribunada olması bizim üçün üstünlükdür. Buna hamımız sevinirik. Azarkeşləri meydanlara qayıtmaqları münasibətilə təbrik edirəm. Biz onlar üçün darıxmışıq. Futbolu onlar üçün oynayırıq. Meydanda əlimizdən gələni etməyə çalışacağıq. Fanatların meydanda olması bizim üçün əlavə üstündür”.
Qurbanov Ramil Şeydayevin durumunun pis olmadığını söyləyib: “Aqressiv futbolçu həmişə istənilən komandaya fayda verir. Şeydayev sabahkı oyuna hazırdır. Onun potensialını açmağa çalışacağıq. Musa Qurbanlını isə əsas heyətdə görməyəcəyik”. (gülür)
Mütəxəssis son olaraq hücum mövqeyindəki çatışmazlıqdan danışıb: “Hamımız hücum xəttini düşünürük. Bilirəm ki, mütləq bu mövqeyə bir oyunçu lazımdır. Bundan əlavə müdafiədə problem var. Oranı da yaxşılaşdırmaq istəyirik. Bəzən hər klubda böyük dəyişikliklərə ehtiyac olur. Bu gün biz hər şeyi yenidən qurmaq istəyirik. Komandada xeyli dəyişiklik etmək istəyirəm. 3-4 illik kollektiv qurma istəyirik. Çox tələsmək də istəmirik ki, yanılmayaq. Sosial şəbəkələrdən uzağam, amma diam fikirlərlə maraqlanıram. Azarkeşlər də komandanın yaxşı olmasını istəyir. Bu yöndə işlər gedir. İstəyirik ki, transferlər edək. İnanın ki, asan və rahat deyil. Bəzən sonda kiçik elementlər bizə mane olub. Əlimizdəki oyunçuların da sağlamlığını və formasını qoruyub saxlamaq niyyətindəyik”.