15 Avqust 2021 21:13
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk tura layiq oyun olmadı. İlk dəqiqələrdən futbolçular gərgin başladılar. Matçın tempi yüksək idi. Gözləmədiyimiz anda qol buraxdıq. Ondan sonra futbolçuların reaksiyası xoşuma gəldi. Bərabərlik qolunu da vurduq. Komandamın 60-65 dəqiqədən sonra yorulacağını gözləyirdim. Belə də oldu. Ancaq sona qədər nəticəni qoruya bildik. Futbolçular sona qədər xarakter göstərdilər. İlk turda məğlub olmamaq çox önəmli idi. Nəzərə alaq rəqib də "Qarabağ"dır".

Bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın ilk tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- "Zirə"nin bu mövsümdəki hədəfi nədir?

- 8 komandalı çempionatdır. Hamı qəlbində avrokuboklara qatılmaq istəyir. Biz də yarış içindəyiksə, bir hədəfimiz olmalıdır. Amma 2-ci yeri tutmaq və ya kuboku qazanmaq kimi konkret hədəfimiz yoxdur. Avrokuboklara vəsiqə qazansaq belə, oraya hazır olmaq çox önəmlidir. Şəxsən mən çempion olmaq və ya 2-3-cü yeri tutmaq istəyirəm. Niyə də olmasın? Amma bu gün "Qarabağ" və "Neftçi" hər kəsi qabaqlayır. Ən azı Konfrans Liqasına vəsiqə verən yeri tutmaq niyyətindəyik. Rəhbərliyimiz də, mən də bunu istəyirəm. 3-4 futbolçu var ki, hələ də düşünürük. Bir oyunçu ilə hətta faks vasitəsilə müqavilə də bağlamışıq. Daha 3 transfer planımız var. Bəzi gəncləri heyətə dəvət etmişik, onların üzərində işləyəcəyik.

- Hakimliklə bağlı müəyyən problemlər gördük. Vurduğunuz qol sayılmadı, sizə sarı vərəqə verildi. Bunları ilk turun həyəcanı ilə bağlayırsınız, yoxsa təzyiq hiss edirsiniz?

- Keçən mövsüm də bunlarla qarşılaşmışdıq. İkinci qol sayılsaydı, bəlkə də qalib gələrdik. XXI əsrdir, dərhal telefona gəlir, baxdıq ki, ofsayd yox idi. Futbolumuzu çirkinləşdirmək, hakimliklə bağlı danışmaq istəmirəm. Mən oynadığım vaxt əvəzetmə zamanı oyunçu mövqeyinə çatmamış oyun bərpa olmurdu. Amma bu gün belə olmadı, Zubir az qala qol vuracaqdı. Bu gün 1 xaldan razıyam. Hakimlik haqqında da danışmaq istəmirəm.

- Ağabala Ramazanov milliyə dəvət almadığı üçün mənəvi təsir alıb?

- Uzun müddət millidən oynamış futbolçu üçün çağrılmamaq çox ağırdır. Mənim özümdə də belə olub. Ağabalada zədələr də oldu. Üstəlik, ən yaxşı forma yığdığı vaxt koronavirusa da yoluxdu. Ağabala aparıcı oyunçumuzdur. Heç bir futbolçumuz optimal formada deyil. Yavaş-yavaş bunlar düzələcək.

- Gözlədiyiniz 3 futbolçu gəlməsə, heyətinizi kasad saymaq olar?

- Hər bir məşqçi heyətinin geniş olmasını istəyir. Amma alınmasa, şikayət etməyəcəyəm. Əvəzedicidən, divizion komandalarından oyunçular dəvət edirik. Bəzi oyunçuları 3 il əvvəl tanıyıram, bəzilərini kubokda izləyib bəyənmişəm. Əvəzedici heyətlə təcrübəlilərin vəhdətini yaratmaqla, gənclərin perspektivinin artmasına çalışırıq. Heyətin geniş olması önəmlidir. Stoilovu bu gün oynatmamalı idim, fiziki cəhətdən hazır deyildi. Ancaq məcburiyyətdən meydana buraxdım. Volkov hazır deyildi, ancaq rəqibə uyğun meydana buraxdım. Bir çox komanda transferlə bağlı problem yaşayır. Rəhbərliyə təşəkkür edirəm, bizə şərait yaradır. Ancaq transferi tapmaq-tapmamaq bizdən qaynaqlanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər